REGİONLAR
Zaqatalada 2 hektar sahədə intensiv fındıq sortları əkilmişdir
Zaqatala, 3 fevral (AZƏRTAC). Azərbaycan hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda rəqabətlilik və ticarət layihəsi” çərçivəsində 2012-ci ildə Zaqatala rayonunda fındıqçılığın inkişaf etdirilməsi məqsədi ilə 2 hektar sahədə xaricdən gətirilmiş intensiv fındıq sortları əkilmişdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, fındıq istehsalını və emalını artırmaq məqsədi ilə sənayenin dəyər zənciri üzrə təkmilləşdirilməsi ilə əlaqədar ailə fermer təsərrüfatlarının bu sahədə təcrübə qazanmaları üçün hazırda təlimlər davam etdirilir.
Ötən il rayonda istehsal edilmiş 27 min 164 ton meyvənin 9 min 461 tonunu fındıq təşkil etmişdir.
Rayonda üzümçülüyə də maraq ildən-ilə artır. Son iki ildə 6 hektar sahədə yeni üzüm bağları salınaraq mövcud üzüm bağlarının sahəsi 62 hektara çatdırılmışdır. Bu bağların 26 hektarı bar verəndir. Ötən il rayonda 609 ton, yəni əvvəlki ildəkindən 22 ton çox üzüm istehsal edilmişdir.