REGİONLAR
Zaqatalada baş verən zəlzələ ciddi fəsadlar törətməyib
Zaqatala, 10 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Avqustun 10-da Zaqatala rayonu ərazisində baş verən zəlzələ ciddi dağıntılara səbəb olmayıb. Yeraltı təkanlar nəticəsində yalnız Maqov kənd sakini Məhəmməd Davudova məxsus fərdi evin divarı uçub. Həmin ev 2012-ci ilin mayında baş verən zəlzələ zamanı qəzalı vəziyyətə düşdüyü üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyasının rəyi ilə evdə bərpa-gücləndirmə işlərinin aparılması qərara alınmışdı. Bu məqsədlə vaxtilə ev sahibinə müvafiq vəsait də ödənilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Tofiq Əhmədov məlumat verib.
Qurum rəsmisi bildirib ki, yerlərdən daxil olan müraciətlərə görə, yeraltı təkanlar nəticəsində əvvəlki zəlzələlər zamanı ziyan dəymiş bəzi fərdi evlərin divarlarında yeni çatlar əmələ gəlib. Hazırda komissiyaya daxil olmuş müraciətlər araşdırılır.