SİYASƏT
Zaqatalada “Bayraq - qürur mənbəyimizdir” adlı bayram tədbiri keçirilmişdir
Zaqatala, 9 noyabr (AZƏRTAC). Dövlət Bayrağı Günü münasibətilə noyabrın 9-da Zaqatala şəhərində “Bayraq - qürur mənbəyimizdir” adlı bayram tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parka gələrək dahi rəhbərin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Şəhərin bayramsayağı bəzədilmiş “Bayraq dairəsi” adlanan ərazisində keçirilən tədbirdə bildirilmişdir ki, azərbaycanlıların bayraq sevgisi həmişə yüksək olmuşdur. 1918-ci ildə Azərbaycanın şimalında qaldırılan üçrəngli bayraq müqəddəs bir amala çevrilsə də, iki il sonra - 1920-ci il aprelin 20-də Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması ilə bu bayrağa olan sevgi uzun illər ürəklərdə gəzdirilmişdir. Yalnız 70 il sonra - 1990-cı ilin noyabrında ümummilli liderimiz Heydər Əliyevin böyük cəsarət və əzmkarlığı sayəsində ay-ulduzlu bayrağımız Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin binasında öz şərəfli yerini tutmuşdur. 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyinə qovuşduqdan sonra digər dövlət rəmzləri kimi, üçrəngli bayrağımız da bərpa edilmişdir.
Gənclər adından çıxış edən universal döyüş növləri üzrə ikiqat dünya və üçqat Avropa çempionu, beynəlxalq turnirlərin qalibi Gözəl Zutova beynəlxalq yarışlarda dəfələrlə Azərbaycanın üçrəngli bayrağını yüksəltməyindən böyük qürur hissi keçirdiyini bildirmişdir.
Məktəblilərin ifasında bayrağımızı tərənnüm edən ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Hərbçilərin müşayiəti ilə meydana üçrəngli Azərbaycan bayrağının gətirilməsi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
Bayram tədbiri gənc idmançıların yürüşü ilə başa çatmışdır.