REGİONLAR
Zaqatalada dağlıq ərazidə baş verən yanğın 10 hektaradək ərazini əhatə edir
Zaqatala, 31 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində mürəkkəb relyefli dağlıq meşəlik ərazidə baş verən yanğının söndürülməsi istiqamətində işlər davam edir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) rəis müavini Nurlan Şabanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dağlıq ərazidə yanğının baş verməsi barədə məlumat hissəyə avqustun 30-u saat 13:20-də daxil olub. Dərhal hadisə yerinə DYMH-nin 100 nəfər şəxsi heyəti və yanğınsöndürən texnikaları cəlb olunub. Yanğın yerinə çatdıqda məlum olub ki, dağın bir hissəsində yıxılmış ağaclar və kol-kos yanır. Yanğının söndürülməsinə DYMH-nin şəxsi heyəti ilə yanaşı, rayon icra hakimiyyətinin, Zaqatala regional meşə təsərrüfatı idarəsinin, polis şöbəsinin, bələdiyyənin, digər qurumların əməkdaşları, yerli sakinlər, həmçinin əlavə olaraq, FHN-nin 2 ədəd helikopteri də cəlb edilib.
Hissənin rəis müavininin məlumatına görə, yanğını lokallaşdırılmaq hələlik tam mümkün olmayıb, söndürmə işləri davam edir. Yanğın yerinə əlavə olaraq canlı qüvvə və vasitələr cəlb olunub. Yanğın ümumilikdə 10 hektaradək ərazini əhatə edir. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.