REGİONLAR
Zaqatalalı gənclər “Uğurunu paylaş” layihəsi çərçivəsində Dayanıqlı İnkişaf Məqsədləri barədə məlumatlandırılıblar
Zaqatala, 21 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyi tərəfindən həyata keçirilən “Uğurunu paylaş” layihəsi çərçivəsində gənclərin növbəti qonağı Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfir Fatimə Davudlu olub.
Nümayəndəlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görüş zamanı zaqatalalı gənclərə “Dayanıqlı İnkişaf Məqsədləri layihəsinin əhəmiyyəti və ölkəmizdə bu istiqamətdə görülən işlər”, “Dayanıqlı İnkişaf Məqsədlərinin gənclərin qlobal məqsədlərə nail olmasında rolu”, “Dayanıqlı şəhər konsepsiyası və onun həyata keçirilmə yolları”, “Dayanıqlı şəhərlər necə olmalıdır və nə üçün vacibdir?”, “Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və onun layihələri” mövzuları barədə ətraflı məlumat verilib, gənclərin sualları cavablandırılıb.
Qeyd edək ki, Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər təşəbbüsü Gənclər və İdman Nazirliyi və BMT İnkişaf Proqramının birgə layihəsi çərçivəsində həyata keçirilir.