İDMAN
Zaqatalanın “Simurq” futbol komandası 2013/2014-cü il mövsümünün hazırlıqlarına başlamışdır
Bakı, 19 iyun (AZƏRTAC). Zaqatalanın “Simurq” futbol komandası 2013/2014-cü il mövsümünün hazırlıqlarına başlamışdır.
Klubdan AZƏRTAC-a bildirmişlər ki, Bakıda bir araya gələn komanda təlim-məşq toplanışının birinci mərhələsini Mərdəkanda keçirəcəkdir. “Karvan Palace” otelində məskunlaşan futbolçular tibbi müayinədən keçdikdən sonra gündə iki dəfə olmaqla məşqlərə çıxırlar.
Səhər hazırlığı əsasən fiziki gücün artırılması üçün tapşırıqlardan ibarət olur. Futbolçular fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında Xəzər dənizinin sahilində məşq edirlər.
Axşam hazırlığı isə “Dalğa Arena”nın köməkçi stadionunda keçirilir. Yüngül qaçış və isinmə hərəkətlərindən sonra baş məşqçi Georgi Çixradzenin tapşırıqları əsasında taktiki və texniki məşqlər edilir. Sonda isə ikitərəfli oyunla hazırlıqlar tamamlanır.
“Simurq”un Bakı toplanışı iyunun 21-dək davam edəcəkdir. Komanda iki günlük istirahətdən sonra iyunun 23-də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcəkdir.