CƏMİYYƏT
“Zəfər liqası 2023” sona çatıb
![](/files/galleryphoto/2023/3/1200x630/17020440655547435592_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/1702044066488139587_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/1702044066350439893_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/17020440663306244829_1200x630.jpeg)
Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin, “ASAN xidmət"in dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində təşkil edilən “İdman və Sağlamlıq” istiqaməti üzrə “Sağlam könüllü” layihəsinin ikinci hissəsi olan “Zəfər liqası” keçirilib. 8 Noyabr - Zəfər Gününə həsr olunmuş turnirin final mərhələsi “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının tərəfdaşlıq etdiyi turnirin bağlanış mərasimində Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, Kütləvi Futbol departamentinin rəhbəri Fərrux İsmayılov və AKTİ-nin sədri Yusif Vəliyev iştirak edib. Qonaqlar Zəfər Günündən etibarən start götürən turnirlə əlaqədar təəssüratlarını bölüşərkən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə gələcəyimizi etibar edə biləcəyimiz gənc nəslin yetişdiyini xüsusi olaraq vurğulayıb və həmin gəncliyin əldə etdiyimiz Zəfərdə göstərdiyi şücaət bir daha dilə gətirilib.
Sayca 3-cü dəfə təşkil olunan və AKTİ-yə üzv təşkilatları təmsil edən könüllülərdən ibarət 12 komandanın iştirak etdiyi turnir UEFA-nın "Hat-trick" proqramı üzrə həyata keçirilib.
Turnir çərçivəsində ardıcıl olaraq qrup mərhələsi, 1/4 final, yarımfinal və final oyunları reallaşıb. Həlledici mübarizədə “Turizm Könüllüləri” və “Aqrar İnkişaf Könüllüləri”ni təmsil edən komandalar üz-üzə gəliblər. Turnirin final mərhələsində gərgin keçən oyunun ardından “Aqrar İnkişaf Könüllüləri” komandası 3:1 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olub.
Qalib komandanın iştirakçıları kubok və medallarla təltif edilib.