CƏMİYYƏT
Zəfəran göz xəstəliklərinin müalicəsində əvəzsizdir
Bakı, 8 iyun (AZƏRTAC). Azərbaycanda elə bitkilər yetişir ki, onların dünyada analoqu yoxdur. Ətrinə, rənginə və müalicəvi əhəmiyyətinə görə hazırda qramı qızıldan baha olan Abşeron zəfəranı Azərbaycanın milli-maddi sərvəti hesab olunur.
Dünyada müalicəvi, həm də müqəddəs çiçək sayılan zəfəranın becərilməsi 3-4 min il bundan əvvələ təsadüf edir. Bəzi mənbələrdə qeyd olunur ki, bu nadir bitki Avropaya ərəb istilaları zamanı aparılmışdır. Qədim Misir, Babilistan, İran və digər Asiya ölkələrində, Romada təbiblər zəfəranla bir çox xəstəlikləri müalicə etmişlər. Zəfəranın Abşeron yarımadasına gətirilməsi isə təxminən VIII-IX əsrlərə təsadüf edir. Abşeronun mülayim qışı, günəşli yayı və münbit torpağı zəfəranın becərilməsi üçün çox əlverişlidir. Bir kiloqram quru zəfəran almaq üçün 200 minə yaxın çiçək lazımdır. Azərbaycanda ən keyfiyyətli zəfəran Bilgəhdə yetişir.
Zəfəranın çiçəyi xoşbəxtlik hormonu - serotenini artırır, tonusu yüksəldir. Mədə-bağırsaq xəstəliklərinin müalicəsində əvəzsizdir, həzmə kömək edir. Onu iyləmək başağrısı, göy öskürək və ağciyər xəstəliklərini aradan qaldırır. Bu “xoşbəxtlik çiçəyi” qaraciyər və öd kisəsinin fəaliyyətinə çox müsbət təsir edir, qadınların hormonal sistemini tənzimləyir, diş əti ağrılarını azaldır və dişləri qüvvətləndirir. Xərçəng xəstəliyinin müalicəsində bu bitkinin rolu dünyanın bir sıra nüfuzlu media orqanında qeyd edilmişdir.
Göz xəstəliklərinin müalicəsində stəkana 5 qurudulmuş zəfəran telinin üzərinə 2 xörək qaşığı qaynar su əlavə edərək dəmə qoyurlar. İki dəqiqədən sonra təmiz pambığa 2-3 damcı hopdurub səhər və axşam gözü silirlər. Əvvəlcə 3, ikinci gün 5, üçüncü gün 7, dördüncü gün isə 10 dəfə silmək lazımdır. Bu müalicə nəticəsində gözün görmə qabiliyyəti yaxşılaşır.
Beş qurudulmuş zəfəran teli əzilib toz halına salınır. Sonra bərabər miqdarda gülab qatılıb sıyıq hazırlanır. Bu məlhəmi gözə sürtdükdə gözdə əmələ gələn bütün xəstəlikləri müalicə edir.
“Qızıləhmədi” almasınin içərisini oyub oraya bir neçə zəfəran teli qoyulur. Bir sutkadan sonra hər 3 saatdan bir qapağı açılmaqla iyləmək yaddaşı möhkəmləndirir, beyni qidalandırır, baş ağrılarını kəsir və əhval-ruhiyyəni yaxşılaşdırır.
Böyrək daşı xəstəliklərinin müalicəsi üçün 100 qram təmiz balı emallı qaba tökür, vam odun üstündə əridir, üzərinə 50 ədəd əzilib toz halına salınmış zəfəran teli əlavə edilir və yaxşı-yaxşı qarışdırılır. Axşam və ya səhərlər bir çay qaşığı qəbul edilir.