İQTİSADİYYAT
Zəlzələdən zərər çəkmiş ailələrin bir qismi yığma konstruksiyalı evlərə köçürülür
Zaqatala, 14 mart (AZƏRTAC). Zəlzələdən zərər çəkmiş ailələrin müvəqqəti olaraq yerləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəlzələ bölgəsinə gətirilmiş yığma konstruksiyalı evlərin quraşdırılması işləri başa çatmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, Zaqatala rayonunda 6 belə ev quraşdırılır. Onlardan ikisi Zaqatala şəhərinin Qazangül yaşayış massivində, ikisi Aşağı Tala kəndində, Danaçı və Muxax kəndlərinin hər birində isə bir ev quraşdırılır. Türkiyədə istehsal olunan yığma konstruksiyalı evlərin eni 12, uzunluğu isə 53 metrdir. Nəmə və soyuğa davamlı materialdan hazırlanmış bu evlərdə yaşayış üçün hər cür şərait vardır.
Martın 14-də Qazangül yaşayış massivində yeni quraşdırılmış evlərə ailələrin köçürülməsinə başlanılmışdır. Hər biri 10 ailə üçün nəzərdə tutulan bu evlərdə zəlzələ zamanı evləri qəzalı vəziyyətə düşən, lakin yenilərinin tikintisi hələlik başa çatmayan, yaşayış şəraiti nisbətən çətin olan ailələr müvəqqəti olaraq yerləşdirilir. Evlərinin tikintisi başa çatan kimi bu ailələr də öz daimi yaşayış yerlərinə köçəcəklər.