Zərdab rayonunda iftar süfrəsi açılıb
Zərdab, 27 aprel, AZƏRTAC
Zərdab rayonunda mübarək Ramazan ayı ilə əlaqədar iftar süfrəsi təşkil olunub. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə açılan iftar süfrəsində din xadimləri, şəhid ailələri, qazilər, aztəminatlı ailələr, ictimaiyyət nümayəndələri, rayon rəhbərliyi iştirak ediblər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, iftar süfrəsində “Qurani-Kərim”dən ayələr oxunub, Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla anılıb, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilib.
Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə milli-mənəvi dəyərlərə göstərdikləri diqqət və qayğıdan, dini mərasimlərin keçirilməsinə yaradılan şəraitdən, bütün dünyaya nümunə olacaq tolerantlıq mühitindən, şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına göstərilən qayğıdan, eləcə də aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.
İftar süfrəsində iştirak edən din xadimləri ruzi-bərəkət, həmrəylik, dostluq-qardaşlıq, sevgi və mərhəmət ayı olan Ramazanın fəzilətlərindən, bu ayın insanlar arasında mənəvi saflıq, paklıq ayı olmasından bəhs ediblər. İnsanlar arasında həmrəyliyin və dini-mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edən mübarək Ramazan günlərində iftar süfrəsinin təşkil edilməsinin cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlət-din arasında sıx birliyin bariz nümunəsi olduğunu vurğulayıblar.