İQTİSADİYYAT
Zərdab və Şabran rayonlarının daha 2 yaşayış məntəqəsinə təbii qaz verilmişdir
Bakı, 24 may (AZƏRTAC). Mayın 24-də Zərdab və Şabran rayonlarının daha 2 yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Zərdab rayonunun 71 abonentdən ibarət yeni qəsəbəsinə ilk dəfə olaraq təbii qaz verilməsi münasibəti ilə keçirilmiş tədbirdə qeyd olunmuşdur ki, yaşayış məntəqəsinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 3 min 200 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilmiş, 1 ədəd qaztənzimləyici şkaf, 71 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Şabran rayonunun Kilvar kəndinə də təbii qazın verilməsi ilə əlaqədar tədbir keçirilmişdir. Bildirilmişdir ki, 115 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 18 min 368 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və 10 min 310 metr müxtəlif diametrli metal borularla məhəllədaxili qaz xətləri çəkilmiş, 115 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycanın Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.