Zərdabda 1 kiloqram 230 qram marixuananı satmaq istəyən şəxs saxlanılıb VİDEO
Zərdab, 29 aprel, AZƏRTAC
Aprelin 26-da Zərdab Rayon Polis Şöbəsinə Bakı şəhərində doğulan, hazırda Abşeron rayonu Hökməli qəsəbəsində qeydiyyatda olan 1974-cü il təvəllüdlü Kamil Rəsulovun Zərdab rayonu ərazisində narkotik vasitə satması barədə məlumat daxil olub.
AZƏRTAC-ın bölgə müxbiri rayon polis şöbəsinə istinadla xəbər verir ki, şöbənin cinayət axtarış bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Kamil Rəsulov Zərdab rayonu ərazisində şübhəli şəxs qismində saxlanılıb. Üzərinə baxış keçirilən zaman satış niyyəti ilə gətirdiyi 1 kiloqram 230 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Kamil Rəsulovun barəsində Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə cinayət işi başlanılıb və hazırda ibtidai istintaq davam etdirilir.