İQTİSADİYYAT
Zərdabda Heydər Əliyev mərkəzinin inşası başa çatdırılır
Zərdab, 18 aprel (AZƏRTAC). Zərdab şəhərində inşa edilən Heydər Əliyev mərkəzində son tamamlama işləri görülür. Gözəl, müasir arxitektura üslubunda tikilən ikimərtəbəli mərkəz ümummilli liderimiz Heydər Əliyevin son dərəcə zəngin olan həyat və fəaliyyətinin öyrənilməsi və təbliğində müstəsna rol oynayacaqdır.
Hazırda binanın daxilində dizayn işləri görülür. Sahəsi təxminən 800 kvadratmetr olan mərkəzin 1-ci mərtəbəsində ulu öndərimizin həyatından, dövlətçilik və siyasi fəaliyyətindən bəhs edən guşə yaradılacaq, 2 virtual sinif, rəsm və foto studiyaları, internet mərkəzi və toplantı otağı təşkil olunacaqdır. 2-ci mərtəbədə isə elektron və klassik kitabxanalar, 168 nəfərlik akt zalı, dairəvi şəkildə qurulmuş toplantı otağı və s. yaradılacaqdır.
Heydər Əliyev mərkəzinin ətrafının abadlaşdırılması da başa çatmaq üzrədir. Girəcəkdə 8 metr hündürlükdə şərq memarlıq üslubunda qapı tikilmişdir. Parkın ərazisində 2 min kvadratmetrdə mərmər, 1600 kvadratmetrdə dekorativ daş üzlük düzülmüşdür. Burada fəvvarə tikiləcək, müasir işıqlandırma sistemi qurulacaq, yaşıllıqlar salınacaq, oturacaqlar qoyulacaqdır.