İQTİSADİYYAT
Zərdabda ilin doqquz ayının sosial-iqtisadi yekunları müzakirə olunmuşdur
Zərdab, 22 oktyabr (AZƏRTAC). Zərdab rayonunda 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələri həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, idarə, müəssisə və təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, habelə ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaqda rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayevin hesabat məruzəsi dinlənilmiş, məruzə ətrafında müzakirələr aparılmışdır.
Məruzədə diqqət ilk olaraq oktyabrın 6-da Nazirlər Kabinetinin Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş iclasına və dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələrə yönəldilmişdir. Hesabat dövründə respublikamızda bütün sahələrdə uğurlu nəticələr qazanıldığını vurğulayan məruzəçi bu müddətdə Zərdabda da bir sıra nailiyyətlər əldə olunduğunu bildirmişdir. Belə ki, ilin ötən doqquz ayında Zərdab iqtisadiyyatının əsas sahələrində 80 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəkindən xeyli çoxdur. İqtisadiyyatın əsas sahələri olan kənd təsərrüfatında da dinamik artım təmin olunmuşdur. Cari ildə 17134 hektar sahədən 47097 ton taxıl götürülmüşdür ki, bu da ötən ildəkindən 9 min ton çoxdur. Kartof, bostan-tərəvəz və heyvandarlıq məhsulları istehsalında, iribuynuzlu mal-qaranın və davarların sayında da diqqətəlayiq artım qeydə alınmışdır.
Məruzədə və çıxışlarda tikinti-quruculuq və abadlıq işlərinin geniş vüsət aldığı, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə normal təminatı istiqamətlərində ciddi işlər görüldüyü bildirilmişdir. Hazırda rayonda süd emalı zavodu, aqroservis filialı üçün inzibati bina və anbarlar, baytarlıq idarəsi üçün inzibati bina tikilir.
Ümumtəhsil məktəblərinin, səhiyyənin maddi-texniki bazası da xeyli möhkəmləndirilmişdir. Üç kənddə-Çallı, İsaqbağı və Aşağı Seyidlər kəndlərində yeni məktəb binaları tikilib istifadəyə verilmiş, iki məktəb binası isə təmir olunmuşdur. Rayon mərkəzi xəstəxanasının əsaslı təmiri, yeni avadanlıqlarla təchizatı işləri davam etdirilmişdir.
Yığıncaqda belə bir əminlik ifadə olunmuşdur ki, zərdablılar Azərbaycanın sürətli inkişafında, daha qüdrətli bir dövlət kimi çiçəklənməsində bundan sonra da əllərindən gələni əsirgəməyəcəklər.
Sonda Prezident İlham Əliyevə müraciət qəbul olmuşdur.