ZƏRDABDA KƏRPİC ZAVODU İŞƏ SALINMIŞDIR
Zərdabda “Horizont 1” kooperativ istehsal birliyi bişmiş kərpic hazırlayan zavodu istismara buraxmışdır. İllik istehsal gücü 3 milyon ədəd kərpic olan zavodda hazırda 15 nəfər çalışır.
Rayon İcra hakimiyyətinin memarlıq və tikinti şöbəsində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, gələn ilin yanvarından etibarən zavod tam layihə gücünə çatdırılacaq və ildə 6 milyon ədəd kərpic buraxacaq. Əlavə 19 nəfər zərdablı daimi iş yeri əldə edəcəkdir.