ELM VƏ TƏHSİL
Zoologiya İnstitutu AMEA-nın yubileyi münasibətilə yeni nəşrlər hazırlayır
2015-ci ildə respublikanın ali elm qurumunun - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaradılmasının 70 illik yubileyi qeyd ediləcək. Bu əlamətdar hadisə münasibətilə AMEA-nın Zoologiya İnstitutunda Azərbaycan, rus və ingilis dillərində kitablar nəşrə hazırlanır. Həmin nəşrlərdə institutun əsas fəaliyyət istiqamətləri, son illərdə bu elm ocağında qazanılmış elmi nəticələr öz əksini tapacaq.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru İlham Ələkbərov AZƏRTAC-a eksklüziv müsahibəsində deyib: “AMEA-nın təşəbbüsü ilə bu il noyabrın 10-11-də Bakı Elm Festivalı keçiriləcək. Qafqaz regionunda bu qəbildən ilk tədbir olan həmin festival Azərbaycan alimlərinin son illərdə qazandığı və bütün dünyada qəbul olunmuş elmi nailiyyətlərini nümayiş etdirməyə imkan verəcək. AMEA-nın ekspozisiyasında Zoologiya İnstitutunun elmi işləri də nümayiş etdiriləcək. Bu işlər arasında 2013-cü ildə çapdan çıxmış “Azərbaycanın Qırmızı kitabı”nın ikinci cildini xüsusi qeyd etmək istəyirəm. Həmin cildə ölkəmizdə nəsli kəsilmək təhlükəsi olan, eyni zamanda beynəlxalq və milli statusa malik fauna növlərinin təsvirləri daxil edilib. Neqativ təsirlərə məruz qalan bu növlər məhv olmaq təhlükəsi qarşısındadır. Kitaba Azərbaycan faunasının 223 nümayəndəsi, o cümlədən girdə soxulcan, xərçəngkimilər, molyusklar fəsilələrinin hərəsindən bir nümunə, 74 həşərat, 6 amfibiya, 14 sürünən, 9 balıq, 72 quş və 42 məməli növləri daxil edilib. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı siyahısına uyğun olaraq yayılma arealı məhdudlaşmaqda olan heyvanlar da buraya aiddir”.