MƏDƏNİYYƏT
Zümrüd Dadaşzadə: Beynəlxalq musiqi festivallarının əsas qayəsi mədəniyyətlərin inteqrasiyasıdır
Şəki, 7 iyul (AZƏRTAC). Beynəlxalq musiqi festivallarının əsas qayəsi mədəniyyətlərin inteqrasiyasıdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Şəkidə keçirilən “İpək Yolu” III Beynəlxalq musiqi festivalında iştirak etmiş Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi Zümrüd Dadaşzadə demişdir.
Festivalın çox uğurla başa çatdığını bildirən Z.Dadaşzadə daha sonra demişdir: “2009-cu ildə Bakıda keçirilən “Muğam aləmi” Beynəlxalq festivalında Kanadadan gəlmiş alim çox maraqlı bir məruzə etmişdi. O bildirmişdi ki, dünyada “məqamıstan” adlı virtual aləm vardır. Bu aləmdə bütün mədəniyyətlər muğam musiqisi əsasında bir-biri ilə ünsiyyətdə olur. Musiqi, muğam həmişə universal ünsiyyət vasitəsi olmuşdur. Mənə elə gəlir ki, bu günlərdə Şəkidə keçirilmiş “İpək Yolu” festivalı da məhz bu məqsədə xidmət edir. Festivalda biz bir neçə kollektivin, ansamblın çıxışını üzlədik. Elə bil ki, dünyanın müxtəlif guşələri üzrə səyahətə çıxmışdıq- Koreya Respublikasından Azərbaycana, Türkiyədən Gürcüstana, İrana qədər. Hər bir kollektiv özünün ən ümdə hisslərini ifadə etmişdir. Mən belə bir müqayisə etmək istərdim: hər kollektiv ayrılıqda qiymətli bir daş-qaş idi, birlikdə çox dəyərli bir boyunbağı əmələ gətirirdilər. Doğurdan da, biz müxtəlifik, amma birlikdə daha qüvvətli, daha gözəl və daha dəyərliyik. Mənə elə gəlir ki, Şəkidə, bu tarixi məkanda, gözəl təbiət guşəsində keçirilən, çox maraqlı və önəmli tarixə, yəni Şəki xanları sarayının 250 illik yubileyinə təsadüf edən “İpək Yolu” III Beynəlxalq musiqi festivalı Azərbaycanın bu qədim diyarının dünyaya tanıdılmasına, xalqların bir-birinə daha da yaxınlaşmasına öz töhfəsini verəcəkdir”.