ELM VƏ TƏHSİL
Mikrobiologiya sahəsində virtual laboratoriyanın yaradılması istiqamətində iş aparılır
Bakı, 23 yanvar, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsində Avropa İttifaqının TEMPUS proqramı çərçivəsində həyata keçirilən “Biologiya və tibdə virtual laboratoriyaların inkişaf etdirilməsi məqsədilə innovativ mərkəzlərin yaradılması” layihəsi üzrə iş aparılır.
Fakültə dekanının müavini, biologiya üzrə fəlsəfə doktoru Səbinə Ömərova AZƏRTAC-a bildirib ki, Böyük Britaniyanın Vestminster Universiteti tərəfindən əlaqələndirilən bu layihədə BDU ilə yanaşı, Avropanın Böyük Britaniya, Fransa və Sloveniya universitetləri də iştirak edirlər.
Layihənin əsas məqsədi mikrobiologiya sahəsində virtual laboratoriyanın yaradılmasıdır. Bu məqsədlə BDU-da işçi qrup yaradılıb ki, buraya mikrobiologiya kafedrasının və İnformasiya Texnologiyaları Mərkəzinin əməkdaşları daxildir.
Layihə çərçivəsində işçi qrupun üzvləri Fransanın Brest Universitetində və Böyük Britaniyanın Vestminister Universitetində bir həftəlik təlimlərdə iştirak ediblər.
Hazırda mikrobiologiya sahəsində virtual laboratoriyanın yaradılması istiqamətində iş aparılır. Bu sahəyə aid müvafiq avadanlığın alınması nəzərdə tutulur.