İDMAN
Azərbaycanlı boksçular Almaniyada uğurla çıxış ediblər
Berlin, 6 noyabr, AZƏRTAC
Almaniyanın Şkopau şəhərində keçirilən boks üzrə beynəlxalq turnirdə azərbaycanlı döyüşçülərimiz uğurla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələri təmsil edən 100-dən çox idmançının yarışdığı turnirin təşkilatçılarından olan “Odlar Yurdu” boks klubunun idmançıları 4 çəki dərəcəsində birinci yerə sahib çıxıblar.
“Odlar Yurdu” klubunun prezidenti, boks üzrə dünya çempionu Azad Əzizov yarışın xalqımızın qürur günü olan Zəfər bayramına həsr edildiyini deyib.
Qeyd edək ki, 2013-cü ildə Almaniyanın Maqdeburq şəhərində yaradılan “Odlar Yurdu” boks klubu ötən 10 il ərzində bir çox idmançımızın hazırlıq keçməsinə və beynəlxalq səviyyəli yarışlarda iştirak etməsinə öz töhfəsini verib. Hazırda klubun uşaq bölməsində təkcə azərbaycanlı deyil, bir çox müxtəlif millətlərin nümayəndələri bu idmanın sirlərinə yiyələnirlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin