REGİONLAR
Çoxnövçülük yarışında uğur qazanan komanda ilə görüş olub
Naxçıvan, 15 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində Xaçmaz şəhərində keçirilən çağırışaqədər və çağırışyaşlı gənclər arasında “Vətənin müdafiəsinə hazıram!” poliatlon çoxnövçülüyü üzrə ölkə birinciliyində ikinci yerə layiq görülən Babək rayon komandası ilə görüş keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, gənclər və idman naziri Ramil Hacı idmanın inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, bu istiqamətdə atılan addımların nəticəsi olaraq gənclərimiz vətənpərvərlik ruhunda böyüyür, onların yüksək taktiki-fiziki hazırlığı, hərb sənəti ilə bağlı əldə etdiyi bilik və bacarıqlar gələcəkdə ordu sıralarına cəlb olunmaları baxımından önəmli rola malikdir.
Şanlı qələbə ilə yekunlaşan 44 günlük Vətən müharibəsində gənc nəslin nümayəndələrinin də yüksək peşəkarlıq, əzm və qəhrəmanlıq göstərdiyini xatırladan Ramil Hacı ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əsas prioritetlərindən biri kimi azərbaycançılıq ideologiyasının önəmindən danışıb. Nazir komandanı əldə etdikləri uğurlu nəticəyə görə təbrik edib.
Görüşdə komanda üzvlərinin təəssüratları dinlənilib, göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq ifadə olunub.