DÜNYA
Dünyanın ən bahalı toylarından biri Versal sarayında keçirilmişdir
Bakı, 30 may (AZƏRTAC). Fransanın paytaxtı Parisin yaxınlığındakı Versal sarayında indiyədək rəsmi mərasimlər, mədəni və kütləvi tədbirlər keçirilmişdir.
Fransız krallarının yay iqamətgahı olan saray bir zamanlar zadəganların əyləncə yeri idi. Bugünlərdə isə saray tarixində ilk dəfə müsəlman toyuna səhnə olmuşdur.
AZƏRTAC xarici KİV-ə istinadən xəbər verir ki, Britaniyada yaşayan ərəb milyarder, 72 yaşlı silah alverçisi Vafiq Səid qızı Raşanın toyunu məhz Versal sarayında etmək qərarına gəlmişdir.
Təzə bəy Xalid Xəvaca və gəlin Rəşa Səidin toyuna yalnız Britaniyadan 700 siyasətçi, iş adamı, şou-biznes ulduzları qatılmışdır.
Dünyanın ən bahalı toylarından birində 26 yaşlı gəlinin əynində 358 min dollarlıq gəlinlik vardı. 27 yaşlı Xalid Xəvaca isə 23 min dollarlıq kostyumda olmuşdur.
Toyda qonaqlara verilmiş 6 metr hündürlükdəki tortun bəzədilməsinə isə 310 min dollar xərclənmişdir.
Qonaqlar qarşısında oxuyanlar arasında məşhur müğənni Robbi Uilyams da var idi.
Toydan sonra qonaqlar Paris Operasına dəvət olunmuş və ziyafət orada davam etdirilmişdir.
Toyun ertəsi günü isə bəylə gəlin özəl "Boeing 737" təyyarəsində "bal ayı"na yollanmışlar. Onların qalacağı bütün otelləri gəlinin atası satın almışdır.
Həmin otellərin sayı isə 34-dür və onların hamısı gəlinə cehiz kimi veriləcəkdir.