DÜNYA
Eşqə düşən keşiş ibadətə gələnlərlə vidalaşmışdır
Bakı, 31 may (AZƏRTAC). İngiltərənin İpsviç şəhərindəki Müqəddəs Yelena kilsəsi başsız qalmışdır. Kilsənin vikarisi, keşiş Maykl Tillett dünənki moizəsində ibadətə gələnlərlə vidalaşmışdır. O bildirmişdir ki, artıq vədə çatmışdır və indiyədək gizli saxladığım məsələni aşkarlamalı, əməlimi etiraf etməliyəm. İş ondadır ki, burada ibadət edən qadınlardan birini sevirəm. Eşqə düşmüşəm və bunu artıq gizlədə bilmirəm. Ona görə də sizinlə vidalaşıram.
AZƏRTAC xarici KİV-ə istinadən xəbər verir ki, 55 yaşlı Maykl Tillettin İpsviçdə yaşayan iki uşaq anası, bir qədər əvvəl ərindən boşanmış qadınla eşq macərasında olduğu barədə şayiələr çoxdan dolaşırdı. Bunu həm qadın, həm də keşiş təkzib edirdi.
Yepiskop Danviç də vikari Tillettin artıq işindən kənarlaşdırıldığını təsdiqləmişdir. İşin qalmaqallı yönü odur ki, keşiş Tillett evlidir. Onun xanımı, 65 yaşlı Syunun dediyinə görə, ərindən boşanmaq niyyətindədir.
Suyun bildirmişdir ki, o, mənə xəyanət etmişdir. Lakin Mayklı suçlamaq və ya günahlandırmaq fikrində deyiləm.
Tillettin sevdiyi qadın Enn Alkokun əri, 47 yaşlı Qrem isə heç bir şərh vermək istəməmişdir.
Maykl Tillett və arvadı sentyabrda nikahlarının 30 illiyini qeyd etməli idilər.
Onların 31 yaşlı Emili adlı qızı və 28 yaşlı Bencamin adlı oğlu vardır.