SİYASƏT
“Il Giornale” portalı: “İtaliya-Azərbaycan: 25 illik əla münasibətlər”
Roma, 4 may, AZƏRTAC
İtaliyanın “Il Giornale” xəbər portalında “İtaliya-Azərbaycan: 25 illik əla münasibətlər” sərlövhəli məqalə yayılıb.
Məqalədə deyilir: “Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun aprel ayının sonlarında İtaliyaya səfəri təkcə ona görə xüsusi əhəmiyyət kəsb etmir ki, bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi tamam olur. Həmçinin ona görə əhəmiyyət kəsb edir ki, bu münasibətlər bu gün həm iqtisadi, həm də siyasi baxımdan strateji əhəmiyyətə malikdir”.
Yazıda ötən illərdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdiyi diqqətə çatdırılır. Bildirilir ki, Azərbaycan Respublikası dini dözümlülüyün və birgəyaşama prinsiplərinin hökm sürdüyü bir ölkə kimi öz mədəniyyətini beynəlxalq səviyyədə daha yaxından tanıtdırır. Azərbaycan təkcə neft və qaz istehsalçısı deyil, həmçinin Avrasiya regionunun cənub hissəsini birləşdirən və Çindən İtaliya sahillərinə qədər uzanan yeni “firavanlıq və ticarət zonası”nın əsasını təşkil edən İpək Yolunun strateji qovşağıdır.
Müəllif Trans-Adriatik (TAP) boru kəmərinin önəmi haqqında oxuculara ətraflı məlumat verir, onu strateji layihə adlandırır.
Bildirilir ki, 2018-ci ildə ATƏT-ə sədrlik edəcək İtaliya Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz torpaqlarına qayıtması şərti ilə həlli, Cənubi Qafqazda sülhün bərqərar olunması üçün beynəlxalq vasitəçilik roluna hər zaman isti münasibət göstərib. Müəllif ATƏT-in Minsk qrupunun bu məsələnin həllində acizliyini qeyd edir.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma