REGİONLAR
Masallının Ərkivan qəsəbəsində şəhid Sahib Şirəliyevin xatirəsi anılıb
Masallı, 15 noyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunun Ərkivan qəsəbəsində 44 günlük Vətən müharibəsinin şəhidi baş leytenant Sahib Yusif oğlu Şirəliyevin şəhadətinin ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Mərasimdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri, SHXÇDX rayon şöbəsinin, YAP rayon təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən danışaraq, şəhid baş leytenant Sahib Şirəliyev və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını diqqətə çatdırıblar.
Şəhidin atası Yusif Şirəliyev, qəsəbə ziyalısı Aydın Nurəliyev və başqaları çıxışlarında ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Mərasimdə şəhidlərimizin ruhuna dualar oxunub.
Sonra mərasim iştirakçıları şəhid baş leytenant Sahib Şirəliyevin məzarını ziyarət ediblər.
Masallı Xalq Teatrının aktyoru Camaləddin Əliyev və Masallı Dövlət Regional Kollecinin tələbələrinin iştirakı ilə jurnalist-publisist Akif Ağayevin müəllifi olduğu “Yalnız irəli!” ədəbi-bədii kompozisiyasından parça nümayiş etdirilib, Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında şeirlər səsləndirilib.
Qeyd edək ki, Sahib Şirəliyev 2020-ci il noyabrın 14-də doğulduğu Ərkivan qəsəbəsində dəfn olunub. “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.