İQTİSADİYYAT
Yaşayış binasının istismarı zamanı tələb olunan təlimatlar açıqlanıb
Bakı, 13 dekabr, AZƏRTAC
Yaşayış binasının layihəsinin tərkibində binanın istismarı zamanı təhlükəsizliyin təmin edilməsi üçün binanın istismarını həyata keçirən təşkilatlar və yaşayış binalarının tərkibində yerləşən ictimai təyinatlı obyektlərin mülkiyyətçiləri (icarədarları) üçün zəruri olan, binaya aid elektrik xətlərinin sxemləri, ventilyasiya kanallarının yerləri və istismar zamanı mülkiyyətçilər (icarədarlar) tərəfindən tikinti işləri aparmaqla müdaxilə edilməsinə yol verilməyən digər bina elementləri və avadanlıqları barədə məlumatlar, yanğından mühafizə sisteminin saxlanılması və texniki xidmət qaydaları və yanğın zamanı təxliyə planını özündə ehtiva edən təlimat olmalıdır.
AZƏRTAC Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadla xəbər verir ki, bu barədə komitənin kollegiyası tərəfindən təsdiqlənən “Yaşayış binaları. Layihələndirmə normaları”nda deyilib.
Qeyd olunub ki, yaşayış binalarında elektrik təchizatı, elektrik güc avadanlığı, telefonlaşdırma, televiziya antenlərı, həmçinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun avtomatik yanğın siqnalizasiyası, yanğın zamanı yanğınsöndürmə heyətinin və vasitələrinin liftlə daşınması, xəbərvermə və təxliyyənin idarə edilməsi və layihə tapşırığında nəzərdə tutulmuş digər mühəndis sistemləri nəzərdə tutulmalıdır.