REGİONLAR
Şimal rayonlarından olan 250-yə yaxın məktəbli Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya yola salınıb VİDEO
Xaçmaz, 17 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 17-də “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunan tur-aksiyanın şimal rayonlarından olan iştirakçıları Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola çıxıblar.
AZƏRTAC xəbər verir ki, şimal-qərb bölgəsinə ekskursiyada Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının 250-yə yaxın IX və XI sinif şagirdi, onları müşayiət edən müəllimlər iştirak edir.
Xaçmaz şəhərindən yola çıxan tur-aksiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Rayon icra hakimiyyəti başçısının müavini İlhamə Nəzərova məktəblilərə Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə həyata keçirilən tur-aksiyanın əhəmiyyətindən danışıb. Bildirilib ki, ümumtəhsil məktəblərinin şagirdləri və onların müəllimləri noyabrın 17-dən 20-dək şimal-qərb bölgəsinə səyahət zamanı Qəbələ, Şəki və Zaqatalanın tarixini, mədəniyyətini, əhalinin həyat tərzini və məişətini əks etdirən abidələrlə, muzeylərlə, ərazinin turizm potensialı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası istiqamətində görülən işlər və həyata keçirilən infrastruktur layihələri ilə yaxından tanış olmaq imkanı qazanacaqlar.
Tur-aksiyada iştirak edən məktəblilər Əli Hüseynli, Aliyə Osmanova və Fazil Şıxvəliyev AZƏRTAC-a müsahibələrində Qəbələ, Şəki, Zaqatala haqqında çox eşitsələr də, bu bölgədə ilk dəfə olacaqlarını bildiriblər. Məktəblilər belə bir imkanı yaratdığı üçün dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Sonra məktəblilər xüsusi avtobusla ekskursiyaya yola salınıblar.