İQTİSADİYYAT
Yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə gecə boyu qabaqlayıcı tədbirlər görülüb VİDEO
Bakı, 16 dekabr, AZƏRTAC
Qeyri-sabit hava şəraiti ilə bağlı olaraq ötən gün axşam saatlarından etibarən “Azəravtoyol” ASC-i Bakı şəhərində balansında olduğu küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarına kifayət qədər maşın-mexanizm və texnika çıxarıb.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qartəmizləyən və qumsəpən texnikalar avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib. Qısa müddət ərzində sözügedən yollarda qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi işləri həyata keçirilib. Nəticədə hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.
“Azəravtoyol” ASC-yə məxsus maşın-mexanizmlər və canlı qüvvə gecə boyu qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilərdə vəziyyətə nəzarət edib, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədilə gecə və səhər saatlarında buzlaşma baş verən yollara qum-duz qarışığı səpilib.
Qeyd edək ki, gecə boyu Bakı şəhərinin küçə və prospektlərində, həmçinin respublikanın avtomobil yollarında həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində səhər saatlarında avtonəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem müşahidə olunmayıb. Hazırda da yollarda vəziyyət normaldır.