CƏMİYYƏT
FHN: Oğuz rayonunda meşə zolağında baş verən yanğın söndürülüb VİDEO
Bakı, 5 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) Oğuz rayonunda baş verən meşə yanğınları ilə bağlı məlumat yayıb.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, avqustun 31-də Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Xaçmaz meşəbəyliyinin 3 saylı dolayının ərazisində baş vermiş yanğın nəticəsində 120 hektar meşə zolağı (sıx kol-kos, quru ağaclar və onların qalıqları) və Şahdağ Milli Parkının ərazisində 10 hektar sahədə (kol-kos və quru ağaclar) yanıb.
Meşənin və parkın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın sentyabrın 5-də saat 08:56-da söndürülüb. Yanğının söndürülməsində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və texnikası, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin canlı qüvvəsi iştirak edib.