CƏMİYYƏT
Pirallahıda vaxtı keçmiş cərimələri ödəməyən sürücülərin aşkarlanması məqsədilə reydlərə başlanılıb VİDEO
Bakı, 14 sentyabr, AZƏRTAC
Baş Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin müvafiq tapşırığına əsasən, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, barələrində tərtib olunmuş elektron protokollar üzrə təyin edilən cərimələri vaxtında ödəməyən sürücülərin müəyyənləşdirilməsi məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə növbəti reyd Pirallahı Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilib. Reyd zamanı saxlanılan sürücülərin cərimələrinin olub-olmaması patrul avtomobillərində olan xüsusi bort kompüterlər vasitəsilə yoxlanılıb. Həmçinin cərimələri mərkəzi məlumat xidmətində qərarsız kimi qeyd olunan sürücülər də saxlanılaraq onlara pozduqları yol hərəkəti qaydaları barədə yerindəcə müvafiq sənədlər təqdim olunub.
Tərtib olunmuş inzibati protokol üzrə təyin edilən cəriməni iki ay müddətində ödəməyən sürücünün nəqliyyat vasitəsinin mühafizə olunan müvəqqəti duracağa yerləşdirilməsi barədə qərar qəbul olunur. Reyd zamanı bu tipli qayda pozuntularına yol verən sürücülərin də avtomobilləri cərimə meydançasına yerləşdirilib.
Qeyd edək ki, bu ilin səkkiz ayı ərzində Pirallahı rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan sürücü və piyadalara qarşı ümumilikdə 1083 inzibati protokol tərtib edilib. Həmçinin xüsusi texniki vasitələrin köməkliyi ilə qaydaları pozan 1168 hərəkət iştirakçısı inzibati qaydada cərimələnib.
Pirallahı rayonunda kobud qayda pozuntularına yol verən, cərimələri vaxtında ödəməyən sürücülərə qarşı reydlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.