REGİONLAR


Dövlət Baytarlıq Nəzarəti Xidmətində qarşıda duran vəzifələr müzakirə olunub

Bakı, 1 iyun, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində (DBNX) Dövlət Xidmətinin və onun tabeliyində olan Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyası əməkdaşlarının iştirakı ilə qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib.

DBNX-dən AZƏRTAC-a verilən məlumata görə, tədbiri açan Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Bayandur Rzayev bildirib ki, bu gün qarşıda duran ən ümdə məsələ ölkədə epizootik sabitliyin qorunub saxlanması və heyvandarlığın inkişafında nəzərdə tutulmuş hədəflərə nail olmaqdır. Belə ki, Dövlət Xidməti öz fəaliyyətini günün tələblərinə - aqrar sahənin dinamik inkişafına, innovasiyaların tətbiqinə yönəltməlidir. Kənd təsərrüfatının intensiv inkişafı, baytarlıq xidməti ilə təsərrüfatların əlaqələrinin genişləndirilməsi, yerlərdə baytarlıq mütəxəssislərinin bilik və təcrübələrindən geniş istifadə edilməsi müasir dövrün tələbləridir.

Bayandur Rzayev baytarlıq qurumlarının qarşılaşdığı problemlərə toxunaraq qeyd edib ki, köçkün rayonların vətəndaşlarına məxsus heyvanların peyvənd edilməsi sahəsində yaranan müəyyən çətinliklər, dövlət tərəfindən verilmiş vaksinlərin “soyuq zəncir” prinsipinə uyğun heyvanlara tətbiqində yaranan gecikmələr aradan qaldırılmalı, rayon (şəhər) baytarlıq idarələrinə ezam edilən baytarlıq mütəxəssislərinin yerlərdə göstərdikləri köməkliklər, xidmətin maddi-texniki təminatının və əhalinin heyvan xəstəliklərinə qarşı aparılan peyvəndləmələrin vacibliyi sahəsində maarifləndirmələrə diqqət artırılmalıdır. Həmçinin vurğulanıb ki, yerlərdə heyvandarlarla tez-tez görüşlər keçirilməli, əhali arasında baytarlıq sahəsində görülən işlərin təbliğ-təşviqatı aparılmalı, fermerlərin qarşılaşdığı problemlər yerində araşdırılmalı və lazımi tədbirlər görülməlidir.

Bildirilib ki, ölkədə bir sıra sahələrin, o cümlədən aqrar sahələrin inkişafı ilə bağlı dövlət proqramı qəbul olunub. Bu dövlət proqramının həyata keçməsində baytarlıq mütəxəssisləri üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməlidirlər. Həmçinin Dövlət Xidmətin əməkdaşları günün tələbləri səviyyəsində fəaliyyət göstərməli, innovasiyaların tətbiqi sahəsində bilik və bacarıqlarını artırmalı, tez-tez fermalarda, heyvan sahibləri ilə sıx ünsiyyətdə olmalı, eləcə də qarşıya qoyulan hədəflərə çatmaq üçün müasir iş prinsipindən düzgün istifadə etməlidirlər.

Tədbirin sonunda geniş fikir mübadiləsi aparılıb və respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində görüləcək tədbirlər barədə müvafiq tapşırıq və göstərişlər verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.