ELM VƏ TƏHSİL
Elmi həqiqətin fəlsəfəsi













Məqalədə akademik Cəlal Əliyevin elmi fəaliyyətindən, çoxşaxəli yaradıcılığından, zəngin elmi irsinin əhəmiyyətindən söz açılır
Bakı, 30 iyun, AZƏRTAC
İyunun 30-da böyük alim və ictimai-siyasi xadim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının, Ukrayna və Belarus aqrar elmlər akademiyalarının xarici üzvü Cəlal Əlirza oğlu Əliyevin anadan olmasının 90 illiyi tamam olur. Akademik Cəlal Əliyev Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin, o cümlədən molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi və hesablama biologiyası, bioinformatikanın bünövrəsini qoyub, bu sahələrin hərtərəfli inkişafının başlıca istiqamətlərini müəyyənləşdirib və fundamental tədqiqatlarla zəngin elmi məktəb formalaşdırıb. O, bütün həyatını elmə, elmin təmizliyi və həqiqətin təntənəsi prinsiplərinə həsr edib, özünün dərin zəkası, güclü erudisiyası, sanballı tədqiqatları və parlaq əməlləri ilə Azərbaycan elminin, dövlətçiliyimizin inkişafında və möhkəmlənməsində misilsiz xidmətlər göstərib. Çoxillik zəngin və məhsuldar fəaliyyəti ilə elmimizi zənginləşdirən alimin Azərbaycan elminin təşkilində, dünyada tanınmasında, təbliğ olunmasında və beynəlxalq elmi təşkilatlarla əlaqələr qurulmasında xüsusi rolu olub, eyni zamanda, dünya elminə böyük töhfələr verib. Onun həyatının bütün mürəkkəb mərhələləri tələbələri üçün həyat məktəbi, elmi ideallara xidmətin parlaq nümunəsidir.
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynovanın AZƏRTAC-a təqdim etdiyi “Elmi həqiqətin fəlsəfəsi” sərlövhəli məqalədə akademik Cəlal Əliyevin elmi fəaliyyətindən, çoxşaxəli yaradıcılığından, zəngin elmi irsinin əhəmiyyətindən söz açılır. AZƏRTAC həmin məqaləni təqdim edir:
Həyatda gərək elə yaşayasan ki, dünyadan köçəndən sonra da yaşaya biləsən, xatırlanasan. Bu fikir insanın öz xalqına, dövlətinə sədaqətlə xidmət etməsinin həyat düsturudur. Cismani yoxluğundan sonra bu dünyada insandan qalan yalnız yaxşı ad, yaxşı əməllər olur. Akademik Cəlal Əliyevin ömür yolu bütünlüklə gərgin fəaliyyət, elmi axtarışlar, bir sözlə, xalqına, dövlətinə verdiyi töhfələrlə zəngindir. O, sadə, təvazökar bir ömürlə elmin ağır, keşməkeşli yollarında xalqına xidmət göstərən böyük bir alim idi. Görkəmli alim əsl elm fədaisi kimi gələcəyə inamla baxıb, yorulmaq bilmədən daim elmi axtarışlarını davam etdirib. Onun dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir alim üçün, o cümlədən onun tələbələri üçün həyat dərsi, müdriklik məktəbi, elmi ideallara xidmətin parlaq nümunəsidir. Fotosintez elmində bir çox yeniliklərə imza atan, Azərbaycan fotosintez elmini bütün dünyada tanıdan, yüksək intellekt sahibi, yorulmaz alim, akademik Cəlal Əliyevin yaratdığı elmi məktəb ildən-ilə inkişaf edir, onun əsərləri, elmi nailiyyətləri daim araşdırılır. Alimin zəngin elmi irsi, konsepsiyaları nəinki Azərbaycan elminin, dünya elminin parlaq səhifəsini təşkil edir.
Ulu öndər Heydər Əliyev deyirdi: “Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tutur”. Cəlal Əliyev məhz dərin fundamental elmi böyük praktika ilə birləşdirməyi bacaran nadir alimlərdən idi.
Cəlal Əliyev 1928-ci il iyun ayının 30-da Azərbaycan cəmiyyətinə, elm və mədəniyyətinə böyük şəxsiyyətlər bəxş etmiş Əliyevlər ailəsində dünyaya gəldi. Çətinliklərlə dolu, lakin şərəfli ömür yaşadı. Həyatın ən çətin anlarında belə elmi tədqiqatlarını dayandırmadı, elm və insanlıq naminə daim axtarışlar apardı. Azərbaycan elmi qarşısında müstəsna və təmənnasız xidmətlərinə görə bu şəxsiyyət hələ sağlığında özünə əbədi abidə ucaltdı. Cəlal Əliyevin çoxşaxəli fəaliyyətinin müxtəlif istiqamətlərində qazandığı uğurların əsas səbəbi onun nadir istedadı və yüksək dərəcədə əməksevərliyi olmuşdur. Yüksək intellektual təfəkkürə malik olan akademik Cəlal Əliyev öz geniş diapazonlu elmi fəaliyyəti və zəngin irsi ilə müasir Azərbaycan biologiya elminin inkişafına dəyərli töhfələr bəxş etmişdir. Müxtəlif tədbirlərdə, yığıncaqlarda akademik Cəlal Əliyevin etdiyi çıxışlarda onun ensiklopedik biliyi, elmi erudisiyasının dərinliyi, güclü məntiqi, dərin müşahidə qabiliyyəti özünü aydın göstərirdi. Nəinki öz sahəsinə, ümumiyyətlə, ən müxtəlif sahələrə aid məlumatlar onun daim maraq dairəsində olurdu.
1954-cü ildə Əkinçilik İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayan bu böyük alimin seleksiyaçı intuisiyası, dərin nəzəri bilikləri, innovativ ideyaları, gərgin və məqsədyönlü əməyi, yeni intensiv tipli taxıl sortlarının yaradılması ilə nəticələnib. Bu gün Azərbaycan ilə yanaşı, Gürcüstanda, Orta Asiya respublikalarında, xüsusən Türkmənistan və Özbəkistanda becərilərək yüksək nəticələr verən "Qaraqılçıq-2", "Mirbəşir-50", "Vüqar", "Şiraslan-23", "Tərtər", "Bərəkətli-95", "Əlincə-84", "Ruzi-84" və başqa bu kimi bərk buğda sortları ilə böyük alim öz adını ölkəmizin əkinçilik tarixinə qızıl hərflərlə yazıb. O, fitri istedadı, uzun illərə söykənən zəngin təcrübəsi, orijinal və bənzərsiz elmi yaradıcılığı sayəsində Azərbaycanda kənd təsərrüfatı bitkilərinə və onların yabanı əcdadlarına aid 40 minə yaxın nümunədən ibarət buğda genofondunu formalaşdırıb və onun əsasında 60-dan çox yeni, müasir tələblərə cavab verə bilən buğda sortu yaratmağa nail olub. Bu gün Azərbaycanda bitki seleksiyası sahəsində qabaqcıl mövqeyi ilə seçilən Cəlal Əliyev məktəbi formalaşıb.
Cəlal Əliyevin elmi fəaliyyətinin əsas hissəsi kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın forosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsinə həsr olunub. Özünün ardıcıl və məqsədyönlü fəaliyyəti ilə Cəlal Əliyev məhsuldarlıq proseslərinin əsası kimi fotosintezin kompleks şəkildə tədqiqini həyata keçirib. Bu tədqiqatların dairəsi bitkilərin məhsuldarlığının fizioloji, biofiziki, biokimyəvi və molekulyar-genetik əsaslarını, eyni zamanda, bitkilərin həyatının struktur-funksional təşkilinin molekulyar səviyyədən başlayaraq əkinəqədər bütün mərhələ və formalarında məhsuldarlıq proseslərinin öyrənilməsini əhatə edir. O, sözün əsl mənasında böyük alim idi, elmə olan münasibəti heç bir vaxt dəyişmədi. Həmişə “Elm - həqiqətdir!” fikrini əsas tutdu, həqiqəti dərk etməyi həyatının əsas amalı hesab etdi. Onun böyük uzaqgörənliyi bütün istiqamətlərdə özünü təsdiq etdi.
Əsl alim düzgün cavabları verən yox, düzgün sualları qoyandır. Cəlal müəllim məhz belə alimlərdəndir. O, orijinal, fundamental tədqiqatların, dünya elminə yeniliklər gətirən qlobal nəticələrin müəllifidir. Akademik Cəlal Əliyev Yer üzərində həyatın əsasını təşkil edən fotosintez prosesini kompleks tədqiq etməklə elmə böyük yeniliklər verdi. O, tarla şəraitində yetişdirilən kontrast buğda və soya genotipləri ilə apardığı çoxillik təcrübələrlə sübut etdi ki, fototənəffüs təkamülün gedişində formalaşmış həyati əhəmiyyətli metabolik proseslərdən biridir və bitkilərin məhsuldarlığını artırmaq məqsədilə müxtəlif yollarla fototənəffüsü azaltmaq cəhdləri əsassızdır. Onun fototənəffüs prosesi ilə bağlı əldə etdiyi qlobal nəticə dünya elminin tarixinə qızıl hərflərlə yazılacaq.
Akademik Cəlal Əliyev fundamental araşdırmaları və əldə etdiyi nailiyyətləri ilə respublikada elmin inkişafına sanballı töhfələr verib. Onun tədqiqatları ölkədə yeni istiqamətlər müəyyənləşdirməklə biologiya elmi qarşısında duran bir sıra aktual problemlərin həllinə xidmət edib. O, fiziki-kimyəvi biologiya, xüsusilə biokimya və biofizika sahəsində tədqiqatları genişləndirərək, keçən əsrin 70-ci illərində Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin, o cümlədən molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya, bioinformatika və kompüter biologiyasının bünövrəsini qoyub və əsaslı surətdə inkişaf etdirib. Elmdə inteqrativ yanaşmaların dünyada ilk təşəbbüskarlarından biri olan Cəlal Əliyev biologiya elminin digər elmlərlə inteqrasiyasının vacibliyini öncədən görən nadir alimlərdən biri idi. Məhz onun təşəbbüsü ilə müxtəlif elmi ixtisasların bir-birinə qovuşması nəticəsində respublikamızda ilk dəfə biologiya və kənd təsərrüfatının bir çox nəzəri və praktiki məsələlərinin həllində riyazi metodlardan və kompüter texnologiyasından istifadə etmək mümkün olub. Bu fəaliyyət dairəsində Rusiya, Ukrayna, Avropa və Amerikanın institutları və alimləri ilə elmi əlaqələr yaradılıb və genişləndirilib.
Cəlal Əliyevin diqqəti, nəinki fundamental tədqiqatların geniş spektrinə, həm də tətbiqi elmə yönəlib. Alimin rəhbərlik etdiyi laboratoriyalarda alınan nəticələr bir çox beynəlxalq kənd təsərrüfatı mərkəzlərinin tədqiqat proqramlarında rəğbətlə qarşılanıb. Onun rəhbərliyi altında dünyada unikal hesab olunan bir neçə min genotipi əhatə edən buğda genofondu yaradılıb. Həmçinin fundamental tədqiqatlarında aldığı elmi nəticələrin seleksiya işində məharətlə istifadəsi sayəsində çoxsaylı yüksək məhsuldar və ətraf mühit amillərinə davamlı buğda sortları yaradılıb ki, bunların nəticəsində bu gün Azərbaycan xalqının çörək problemi yoxdur.
Azərbaycanda elmin bütün sahələrinin, o cümlədən biologiya elminin inkişafında Cəlal müəllimin misilsiz xidmətləri vardır. Akademik Cəlal Əliyevin elmi təşkilatçılığı sayəsində müxtəlif sahələrdən istedadlı tədqiqatçılar molekulyar biologiya və biotexnologiyanın aktual problemlərinin həllinə cəlb edilməklə elmin yeni istiqamətləri üzrə sanballı nəticələr əldə olunub və müasir kadr potensialı formalaşdırılıb. Keçən əsrin 70-ci illərindən başlayaraq, müxtəlif ixtisaslar - biologiya, kimya, fizika, riyaziyyat, aqrokimya üzrə ali məktəblərin məzunlarından elmi kollektivin hazırlanmasına başlanılıb. Respublikamızda biologiya elminin yeni istiqamətlərinin, o cümlədən molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya, kompüter biologiyası və bioinformatikanın bünövrəsinin qoyulması və əsaslı surətdə inkişaf etdirilməsi məhz onun adı ilə baglıdır. O dövrdə Cəlal Əliyev Azərbaycanda yeganə alimlərdən idi ki, öz əməkdaşlarının SSRİ-nin aparıcı akademik institutlarında təcrübə kursu keçmələrini təşkil edirdi. O, SSRİ-də birincilər sırasında bioloji proseslərin sistemli şəkildə öyrənilməsini, bu işə müxtəlif profilli mütəxəssislər cəlb etməyin vacibliyini əvvəlcədən görürdü. Hələ 40 il bundan əvvəl akademik Cəlal Əliyev riyazi analizin və kompüter texnologiyalarının biologiyada tətbiq edilməsinin vacibliyini qeyd etmişdi.
Alimin uzaqgörənliyi, istedadı və böyüklüyü ondadır ki, o, öz yüksək nailiyyətləri ilə bərabər, elmi məktəb də yarada bilsin. Cəlal Əliyev perspektivli, istedadlı gəncləri ətrafına toplayaraq böyük elmi məktəb yaradıb. Cəlal Əliyev elmə fanatikcəsinə vurğunları həmişə qiymətləndirib, çətin anlarda onlara dayaq olaraq inamla irəli getmələri üçün zəmin yaradıb. Onun yaratdığı dünya səviyyəli müasir elmi məktəb və bu məktəbin onlarla istedadlı yetirməsi bu gün Azərbaycanda və dünyanın ən nüfuzlu mərkəzlərində tədqiqatlar apararaq, yeni elmi nailiyyətləri ilə respublikamızın, elmimizin adını ucaldırlar. Onun tələbələri arasında Rusiya Elmlər Akademiyası (EA) Tumiryazev adına Bitki Fiziologiyası İnstitutunun laboratoriya müdiri, Rusiya EA Biologiyanın Fundamental Problemləri İnstitutunun əməkdaşı, M.V.Lomonosov adına MDU-nun biologiya fakültəsinin professoru biologiya elmləri doktoru Süleyman Allahverdiyevin, Böyük Britaniya Kembric Universitetinin Kompüter kristalloqrafiyası qrupunun rəhbəri professor Qərib Mürşüdovun, ABŞ Ümumi Genom İnstitutunun əməkdaşı doktor Asəf Salamovun, ABŞ Fraunhofer Molekulyar Biotexnologiya Mərkəzinin icraçı direktoru olmuş professor Vidadi Yusibovun, Cənubi Koreya Pusan Dövlət Universitetinin professoru İsmayıl Zülfüqarovun, Avstraliyanın (Melburn) RMİT Universitetinin professoru Aydın Muradovun adını fəxrlə çəkmək olar. Azərbaycanda biologiya elminin gələcək inkişafı onun tələbələrindən, onların elmdə irəliləməsindən, həmrəyliyindən və onlar׀n köməyi ilə Azərbaycan elminin dünya elminə inteqrasiya etməsindən, tarixi şəxsiyyətin, dünya şöhrətli alim və müəllim, akademik Cəlal Əliyevin başladığı yolu onların davam etdirmək cəhdlərindən və bacarıqlarından asılıdır. Cəlal Əliyev 1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda elmi-tədqiqat qrupu yaradaraq, onu böyük kadr potensialı və maddi-texniki bazası olan şöbə səviyyəsinə qədər inkişaf etdirib. Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin fundamental və tətbiqi sahələrdə əldə etdiyi və dünyanın aparıcı alimləri tərəfindən qəbul edilmiş nailiyyətlərini, molekulyar biologiya və biotexnologiya elminin Azərbaycanda inkişafının aktuallığı və perspektivliyini nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasının 30 iyun 2014-cü il tarixdə keçirilmiş ümumi yığıncağında AMEA Botanika İnstitutunun bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında qərar qəbul edilib və institut 2016-cı il iyulun 1-dən müstəqil fəaliyyət göstərməyə başlayıb. Hazırda institutun strukturunda 3 şöbə, 5 beynəlxalq laboratoriya fəaliyyət göstərir. İnstitutda 116 əməkdaş, o cümlədən 71 elmi işçi, 1 akademik, 3 AMEA-nın müxbir üzvü, 8 elmlər doktoru və professor, 21 nəfər biologiya üzrə fəlsəfə doktoru çalışır. Bu gün institutun kollektivi dünyanın ən qabaqcıl laboratoriyaları səviyyəsində elmi-tədqiqat işlərini uğurla davam etdirir. Həyatın qəribəliklərindən biri də budur ki, bu Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun müstəqil qurum kimi yaranma tarixi məhz bu institutun yaradıcısı, Azərbaycanda biologiyanın yeni istiqamətlərinin banisi Cəlal Əliyevin ad günü ilə bir vaxta düşür...
Cəlal müəllimin böyüklüyü həm də onun sadəliyində, təvazökarlığında idi. Dünyanın bütün ölkələrində bu böyük elm adamının kəşflərindən söhbət açılmasına baxmayaraq, o, bir dəfə də olsun özündən razılıq hissini büruzə verməyib, sadə elm adamları arasında özünü heç kimdən fərqləndirməyib. Əməyinə verilən bütün qiymətləri alimlər ordusunun uğuru sayıbdır. Dünya elmində baş verən proseslərin mahiyyətini dərindən bilən əsl tərəqqiyə yalnız qlobal əhəmiyyətli tədqiqatları öyrənməklə və tətbiq etməklə nail olmasını öz təcrübəsində sübut edən Cəlal müəllim uzaqgörənliklə beynəlxalq elmi təşkilatlarla əlaqələri gücləndirməyin zəruriliyini qeyd etmişdir. Cəlal Əliyevin elmi tədqiqatları beynəlxalq elmi mərkəzlərin araşdırmaları ilə sıx surətdə əlaqələndirilir və onlar tərəfindən olduqca müsbət qiymətləndirilir. Cəlal Əliyev öz işlərində çox ciddi, tələbkar, ədalətli və hadisələri obyektiv qiymətləndirmək xüsusiyyətlərinə malik olmaqla yanaşı, mehribanlığı, xeyirxahlığı, qayğıkeşliyi ilə də fərqlənirdi. Cəlal Əliyev çox zəhmətkeş alim idi. İşgüzarlığı, zəhmətkeşliyi sayəsində təbiətin ona bəxş etdiyi istedadı onu daha da yüksəklərə qaldırmış və o, yüksək elmi uğurlar qazanmışdır.
Azərbaycan elminin dünyada tanınmasında, təbliğ olunmasında və beynəlxalq elmi təşkilatlarla əlaqələr qurulmasında Cəlal Əliyevin misilsiz xidmətləri olub. Beynəlxalq Fotosintez cəmiyyəti tərəfindən 2013-cü il iyunun 5-dən 9-dək Bakı şəhərində dünyanın 32 ölkəsindən 350 nümayəndənin iştirakı ilə Cəlal Əliyevin yubileyinə həsr olunmuş konfransın keçirilməsi də bunun bariz nümunəsidir. Bu konfrans beynəlxalq səviyyədə azərbaycanlı alimə həsr olunan ilk tədbir idi.
Cəlal Əliyev tez-tez söhbətlərində deyirdi: "Əgər Tanrı mənə ikinci bir həyat bəxş etsəydi, heç düşünmədən yenə də elm yolunu seçib həyatımı ona həsr edərdim”. Burada böyük Çin filosofu və mütəfəkkiri Konfutsinin məşhur kəlamı yada düşür: “Elm, bilik o qədər həzz mənbəyidir ki, insana hər şeyi, hətta fiziki iztirabı, necə qocaldığını belə unutdura bilər”. Bəli, Cəlal müəllim elmdən həzz almağı bacaran sözün əsl mənasında BÖYÜK ALİM idi.
Bir alim və bir insan ömrünü şərəflə yaşamış akademik Cəlal Əliyev elmdə qoyub getdiyi silinməz izlərlə daim ürəklərdə yaşayacaq, onun tələbələri öz müəllimlərini fəxrlə xatırlayacaq, Azərbaycan xalqı isə görkəmli övladının xatirəsini daim uca tutacaq.