CƏMİYYƏT
İrana məxsus gəminin xilas edilmiş üzvləri Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib
Bakı, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də saat 21:20 radələrində Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində heyət üzvlərinin kimyəvi zəhərlənməsi ilə əlaqədar təxirəsalınmaz kömək göstərilməsi üçün müraciət edilməsi barədə Dövlət Dəniz Agentliyindən Dövlət Sərhəd Xidmətinin (DSX) sahil mühafizəsinə məlumat daxil olub.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, daxil olmuş məlumat dərhal dövlət sərhədinin mühafizəsində olan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisinə çatdırılıb və İran İslam Respublikası gəmisi olan koordinatlara istiqamətləndirilib.
Sərhəd gözətçi gəmisi 00:30 radələrində “Nazmehr” yük gəmisinə yan alıb və 12 nəfər heyət üzvündən (1 nəfər Ukrayna, 11 nəfər İran vətəndaşı) huşsuz vəziyyətdə olan 7 nəfəri gəminin göyərtəsinə götürərək sürətlə sahilə doğru hərəkət edib. İran vətəndaşları “Nazmehr” quru yük gəmisindən təxliyə edilərkən gəmi kapitanı onlardan 3-də həyat əlamətlərinin olmamasını bildirib. Sərhəd gözətçi gəmisində digər 4 nəfərə ilkin tibbi yardım göstərilib, qabaqlayıcı tədbirlər görülməklə təcili tibbi yardım maşınları “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Dübəndi (Abşeron) neft terminalına çağırılıb və xilas edilmiş heyət sahilə çıxarılaraq tibb briqadalarına təhvil veriliblər.
Saat 04:00 radələrində “Nazmehr” quru yük gəmisinin kapitanı sərhəd gözətçi gəmisi ilə yenidən rabitə əlaqəsi saxlayaraq daha 4 nəfər heyət üzvünün vəziyyətinin pisləşməsini bildirib və kömək göstərilməsini xahiş edib.
Sərhəd gözətçi gəmisi müraciətə dərhal reaksiya verərək gəmiyə doğru istiqamət götürüb və daha 4 nəfər heyət üzvü xilas edilərək Dübəndi neft terminalına çatdırılıb.
Xilas edilmiş gəmi heyəti Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.