REGİONLAR
Quba Rayon Mərkəzi Xəstəxanada istənilən müayinə və müalicənin yüksək səviyyədə həyata keçirilməsinə şərait var VİDEO








Quba, 26 yanvar, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Mərkəzi Xəstəxanasında quraşdırılan ən müasir tibbi cihazlar, avadanlıqlar istənilən müayinə və müalicənin yüksək səviyyədə həyata keçirilməsinə imkan verir. 230 çarpayılıq yeni xəstəxana binasında cərrahiyyə, terapiya, uşaq xəstəlikləri, nevrologiya, ginekologiya, travmatologiya şöbələri yaradılıb. Tibb müəssisəsində LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Perinatal Mərkəz də fəaliyyət göstərir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə yanvarın 26-da Quba Rayon Mərkəzi Xəstəxanasında əhaliyə göstərilən tibbi xidmət, səhiyyə müəssisəsinin mövcud imkanları, eləcə də kadr potensialı ilə tanışlıq məqsədilə təşkil olunan mediaturda məlumat verilib.
Səhiyyə Nazirliyinin təşəbbüsü ilə keçirilən mediatur çərçivəsində Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əliyar Sərvərov səhiyyə müəssisəsinin fəaliyyət imkanları haqqında ətraflı danışıb.
Bildirilib ki, yeni xəstəxana binasının tikintisi ilə əlaqədar 2015-ci ildə başlayan inşaat işləri ötən ilin sentyabrında başa çatdırılıb. Xəstəxana binasında müasir tibbi avadanlıqlar quraşdırılıb.
2018-ci ilin oktyabr ayının 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.
Ərazidə əsas korpusla yanaşı, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsi və digər yardımçı sahələr üçün binalar inşa olunub.
Bu cür müasir tibb müəssisəsi yalnız Quba sakinlərinə deyil, eyni zamanda, region əhalisinə hərtərəfli tibbi xidmət göstərməyə imkan verir.
Jurnalistlər xəstəxananın bölmələrini gəzib, müasir avadanlıqlarla tanış olublar.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov media nümayəndələrinə müsahibəsində mediaturların davamlı olacağını bildirib. Qubadan əvvəl jurnalistlərə Şəki, Gəncə və ölkəmizin cənub bölgəsində yerləşən səhiyyə müəssisələri ilə yaxından tanış olmaq imkanı yaradılıb. Məqsəd ictimaiyyəti regionlarda fəaliyyət göstərən səhiyyə müəssisələrində aparılan yenidənqurma işləri ilə tanış etməkdir.