CƏMİYYƏT
Bakı Konqres Mərkəzində "Vətən bizə əmanətdir" bədii kompozisiyası təqdim olunub VİDEO
Bakı, 3 aprel, AZƏRTAC
Aprelin 3-də Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ikinci Fəxri xiyabanda Aprel şəhidlərinin məzarlarını ziyarət edib, xatirələrinə ehtiramlarını bildiriblər.
Tədbirdə çıxış edən “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri, Aprel döyüşlərinin qəhrəmanlarından biri, polkovnik leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə deyib: “2016-cı il Aprel döyüşlərinin qəhrəmanları Qarabağ müharibəsində Vətən uğrunda şəhid olmuş Allahverdi Bağırov, Əliyar Əliyev, Şirin Mirzəyev və Fred Asif kimi Vətən müdafiəçilərinin layiqli varisləri idilər. Bugünkü nəsil isə Murad Mirzəyev, Pəncəli Teymurov, Samid İmanov, Raquf Orucov, Elnur Əliyev, Təbriz Musazadə kimi cəsur döyüşçülərin davamçısı olacaqlar. Nə qədər ki, belə vətənpərvər və cəsur nəsil yetişəcək, o qədər də Azərbaycan yaşayacaq”.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək Aprel döyüşlərində Azərbaycan Ordusunun şanlı qələbəsindən, əsgərlərimizin qəhrəmanlığından, işğal altındakı torpaqlarımızın bir hissəsini azad etməsindən, indi həmin ərazilərdə Azərbaycan bayrağının vüqarla dalğalandığından danışıb. Azərbaycan əsgərinin haqq işi uğrunda mübarizə apardığını vurğulayan Ü.Mehdiyev deyib: “Haqq bizim tərəfimizdədir və nə olur-olsun, necə olur-olsun, biz öz torpaqlarımızı işğaldan azad edəcəyik. Aprel döyüşləri göstərdi ki, xalqımız, dövlətimiz mütləq bu qələbəyə nail olacaq”.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Aprel döyüşlərinin Azərbaycan Silahlı Qüvvələrinin möhtəşəm qələbəsi kimi tarixə düşdüyünü diqqətə çatdıraraq deyib: "Bu zəfər ermənilərin işğalçılıq siyasətinin iflasa uğradığını göstərdi. Aprel döyüşləri təcavüzkar Ermənistanın növbəti təxribatına verilən qəti və tutarlı cavab idi. Bu döyüşlərin nəticəsində iki min hektara yaxın ərazi və böyük əhəmiyyətə malik Lələtəpə və Talış yüksəklikləri azad edildi. Aprel zəfəri Azərbaycan xalqının Ermənistanın işğalçılıq siyasəti ilə barışmayacağını, Silahlı Qüvvələrimizin şəxsi heyətinin daim döyüşə hazır olduğunu göstərdi. Həmin döyüşlər, həmçinin Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun böyük qələbələr qazanmağa qadir olduğunu sübut etdi. Dövlətimizin başçısının həyata keçirdiyi siyasət Azərbaycan bayrağının tarixi torpaqlarımızda dalğalanacağı günün uzaqda olmadığını deməyə əsas verir".
A.Rəhimov dövlətimizin başçısının Qarabağ müharibəsi şəhidlərinin ailələrinə, qazilərə daim diqqət və qayğı göstərdiyini xüsusi vurğulayıb.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışında Aprel döyüşlərinin ölkəmizin hərb tarixində şanlı səhifə olduğunu, xalq və ordu birliyinin təcəssümünə çevrildiyini qeyd edib. O, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman vətən övladlarının xatirəsinin daim əziz tutulduğunu, həmçinin bu cür tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını diqqətə çatdırıb.
Sonra Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclunun təşəbbüsü ilə başlanan “Şəhidimiz” aksiyası çərçivəsində hazırlanan və şəhidlərin ailə üzvlərinin xatirələrinin əks olunduğu videomateriallar nümayiş etdirilib.
Tədbir incəsənət xadimlərinin ifasında "Vətən bizə əmanətdir" bədii kompozisiyası ilə davam etdirilib.
Şəhid ailələrinin üzvlərinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə "Azərmarka" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanmış "Aprel döyüşləri-2016. Lələtəpə" markaları təqdim olunub.