DÜNYA
İsveçrədə keçiriləcək parlament seçkilərində rekord sayda qadın namizəd iştirak edəcək
Bern, 18 iyun, AZƏRTAC
Payızda İsveçrədə Milli Şura (parlament) seçkilərində namizədlər arasında qadınların sayı rekord həddə çatıb. Onların seçilmək şansları yüksək görünür.
AZƏRTAC xəbər verir ki, “NZZ am Sonntag” (Yeni Sürix qəzetinin bazar buraxılışı) İsveçrənin yeddi böyük əyalətində ən böyük altı partiyanın əsas namizəd siyahılarında qadınların mövqeyini açıqlayıb. Birinci yerdə Luzern əyaləti durur və burada Milli Şuraya namizədlərin 53 faizini qadınlar təşkil edir. Aarqau əyalətində 48 faizlə qadınlar namizədlərin demək olar ki, yarısını təşkil edirlər. Sürix, Cenevrə və Berndə isə onların sayı 40 faizdən yuxarıdır.
Yeddi əyalətin hər birində qadın namizədlərin sayı 4 il əvvəlkinə nisbətən artıb və bütün partiyalar daha çox qadın namizədlər təqdim ediblər. Bu məsələyə maraq göstərməyən mühafizəkar İsveçrə Xalq Partiyası da namizəd siyahılarında qadınların sayını artırıb.
Məqalədə qeyd edilir ki, qadınların seçkilərdə aktiv iştirak ilkin mərhələdir. Əsas mərhələ oktyabrın 20-də keçiriləcək seçkilərdən sonra bu namizədlərdən neçə faizinin parlamentdə təmsil olunacağıdır. Hazırda Milli Şurada deputatların 32 faizi qadınlardan ibarətdir, Aşağı Palatada isə onların sayı 1 faizdir.
Federal Statistika İdarəsinin əməkdaşı Verner Zaytsın apardığı təhlil gender bərabərliyinin qorunacağına ümid etməyə əsas verir. V.Zayts zamanla qadınların seçilmə şansının artdığını da vurğulayıb.
İsveçrədə ilk dəfə 1971-ci ildə qadınlar seçkilərdə namizəd olaraq çıxış ediblər və o zaman kişilərin seçilmə şansı qadınlardan təxminən 3,5 dəfə çox olub. Bu gün isə hər iki cinsin nümayəndələrinin şansları artıq bərabərləşib. Bu səbəbdən də, qarşıdakı seçkilərdə qadın deputatların sayının rekord həddə çatacağı gözlənilir.
Parlamentdə qadınlara daha çox dəstək vermək üçün müəyyən təşəbbüslər də göstərilir. Belə ki, Yaşıllar Partiyası namizəd siyahısında qadınlarla kişilərin bərabər sayda olmasını öhdəlik olaraq qoymağı təklif edir. Lakin təklifin qəbul olunma şansı o qədər də yüksək deyil.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern