İDMAN
12 DEKABR
2003-сü il. Görkəmli siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti (1993-2003), xalqımızın ümummilli lideri Heydər Əliyev vəfat edib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib. 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qırğına etiraz əlaməti olaraq bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı Mixail Qorbaçovun ikiüzlü siyasətinə etiraz olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olub. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxıb. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Xalqın böyük sevgisini qazanan Ulu Öndər 1998-ci il oktyabrın 11-də keçirilən seçkilərdə ikinci dəfə Prezident seçilib.
|
|
1999-cu il. Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri keçirilib. Seçki günü respublika üzrə seçki siyahılarına daxil olmuş 4 milyon 312 min 265 seçicinin 52,6 faizi səsvermədə iştirak edib. Səsvermənin nəticəsi olaraq 20 min 456 nəfər bələdiyyə üzvü seçilib. Demokratik qaydada, seçicilərin yüksək fəallığı ilə keçirilmiş seçkilər nəticəsində Azərbaycanda 51 şəhər, 8 şəhərdə rayon, 123 qəsəbə və 2409 kənd bələdiyyəsi seçilib. 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkiləri Yeni Azərbaycan Partiyasının qələbəsi ilə başa çatıb.
|
|
Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov anadan olub (1928-2008). Çingiz Aytmatovun yaradıcılığı dərin milli xüsusiyyətlərə malik olduğu kimi, həm də ümumbəşəri mahiyyət və məzmun ifadə edir. Onun dünya ədəbiyyatında böyük hadisə sayılan əsərləri realizmin tükənməz bədii və idraki gücünü nümayiş etdirir. Böyük yazıçının “Gün var əsrə bərabər” romanı, “Əlvida, Gülsarı!”, “Dəniz kənarı ilə qaçan Alabaş”, “Ağ gəmi” və “Cəmilə” povestləri indi də oxucular tərəfindən sevə-sevə oxunur. 1990-1994-cü illərdə Ç.Aytmatov SSRİ-nin və sonradan Rusiyanın Benilüks ölkələrindəki səfiri vəzifəsində çalışıb. 2008-ci ilin martınadək Qırğızıstanın Fransa, Belçika, Lüksemburq və Niderlanddakı səfiri olub. 2008-ci il iyunun 10-da Almaniyanın Nürnberq şəhərində müalicə olunduğu klinikada vəfat edib. |