DÜNYA
Tokioda yeni otüstü xokkey stadionu istifadəyə verilib
Tokio, 17 avqust, AZƏRTAC
Yaponiya paytaxtında 2020-ci ildə keçiriləcək Olimpiya Oyunları ilə əlaqədar inşa edilən yeni otüstü xokkey stadionunun meydançasında Tokionun qubernatoru topa ilk rəmzi zərbə endirib.
AZƏRTAC xəbər verir ki, bu idman növünün azarkeşləri və nümayəndələri avqustun 17-də Oi stadionunun açılış mərasimində iştirak ediblər. Yeni idman obyekti Tokionun Şinaqava və Ota rayonları arasında yerləşir.
Tokionun qubernatoru Yuriko Koike bəyan edib ki, bu obyektdə dünyanın ən yaxşı xokkey idmançıları arasında yarışlar keçiriləcək. Çoxlu sayda insan həmin yarışları izləmək üçün bu stadiona gələcək. Y.Koike ümidvar olduğunu bildirib ki, yeni stadion Olimpiya Oyunları başa çatdıqdan sonra da idmansevərlərin sevimli yeri olaraq qalacaq.
Açılış mərasimindən sonra otüstü xokkey üzrə Yaponiya yığmasının üzvləri nümunəvi çıxışlar edərək biri-birinin ardınca qapıya zərbələr endiriblər.
Yeni stadionda süni örtüklü iki xokkey meydançası var. Onlardan hər birinin eni 63 metr, uzunluğu 101 metrdir.
Burada həftənin çərşənbə axşamından şənbə gününədək sınaq tədbirlərinin keçirilməsi planlaşdırılır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio