ELM VƏ TƏHSİL
BDU-nun Həmkarlar İttifaqı Komitəsi: Qurultayda ali məktəblərdə sosial-əmək münasibətləri müzakirə edildi
Bakı, 27 sentyabr, AZƏRTAC
Bu yaxınlarda Bakı Dövlət Universitetində (BDU) Avrasiya Universitetlərinin Həmkarlar Təşkilatları Assosiasiyasının 32-ci qurultayı keçirilib. Universitetin 100 illik yubileyinə həsr edilmiş qurultay “Qlobal inteqrasiya və rəqabətin gücləndiyi şəraitdə ali məktəblərdə sosial-əmək münasibətləri” mövzusunda təşkil olunub. AZƏRTAC qurultayın təşkilat qrupunun rəhbəri, assosiasiyanın vitse-prezidenti, BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Fikrət Şiriyev ilə müsahibəni təqdim edir.
- Fikrət müəllim, əvvəlcə assosiasiya və qurultayla bağlı qısa məlumat verməyinizi xahiş edirik.
- Avrasiya Universitetlərinin Həmkarlar Təşkilatları Assosiasiyası 1987-ci ildə yaradılıb və özündə 8 ölkənin 70-dək universitetini birləşdirir. Biz ildə bir dəfə toplaşır, həmkarlar təşkilatlarının qarşısında dayanan məsələləri müzakirə edir, ümumi nəticələrə gəlir, lazım gələrsə bəyanatlar veririk.
- Bəs qurultay milli maraqlar baxımından nə ilə yadda qalacaq?
- Qurultaya Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Moldova, Qazaxıstan və Qırğızıstandan olan nümayəndələr qatılmışdı. Qonaqlar ölkəmizdə olmaqdan çox məmnun idilər. Onlar respublikamızın görməli yerləri ilə yaxından tanış oldular. Qonaqların xoş təəssüratları ölkəmizin təbliği baxımından da əhəmiyyətlidir.
- Bu qurultayı əvvəlkilərdən fərqləndirən cəhətləri barədə nə deyə bilərsiniz?
- Assosiasiyanın prezidenti M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Həmkarlar Təşkilatının sədri, rektorun müşaviri İqor Kotlobovski çıxışlarında bir neçə dəfə bu qurultayın əvvəlkilərdən daha səmərəli olduğunu deyib. Burada ali məktəblərdə sosial-əmək münasibətləri müxtəlif aspektlərdən müzakirə edildi, qabaqcıl təcrübələr nümayiş etdirildi və s. Qurultaya MDB İcraiyyə Komitəsi İcraçı Katibinin, M.V.Lomonosov adına MDU-nun rektorunun, digər nüfuzlu qurumların rəhbərlərinin və nümayəndələrinin təbrikləri daxil oldu. Qurultayda, həmçinin həmkarlar işinin fəallarına və veteranlarına Assosiasiyanın mükafatları verildi. Mən isə Rusiya Azad Həmkarlar Federasiyasının “Həmrəyliyə görə” döş nişanı ilə təltif olundum. Qurultayda geniş təcrübə mübadiləsi apardıq, dəyərli qərarlar qəbul etdik.