CƏMİYYƏT
Rusiyalı həmkarlarımız: AZƏRTAC ilə TASS arasında çox səmimi, etimada əsaslanan dostluq münasibətləri var VİDEO
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC və Rusiya Dövlət İnformasiya Agentliyi - TASS arasında təcrübə mübadiləsi proqramı 15 ildən çoxdur davam edir. İki informasiya agentliyinin qarşılıqlı fəaliyyətinin bütün sahələrini əhatə edən bu proqram çərçivəsində qarşılıqlı maraq doğuran məsələlərə dair təcrübə və fikir mübadiləsi aparılır, birgə layihələr müzakirə olunur, ölkələrimizin tarixi, mədəniyyəti, incəsənəti, sosial-iqtisadi inkişafı barədə daha çox məlumat almağa imkan yaranır. AZƏRTAC ilə TASS arasında mübadilə proqramı informasiya agentlikləri və bütövlükdə dövlətlərimiz arasında münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.
Bu günlərdə mübadilə proqramı çərçivəsində Bakıda səfərdə olan TASS agentliyinin Beynəlxalq əlaqələr idarəsinin əməkdaşı Olqa Çertkova və agentliyin İşlər idarəsinin rəis müavini Olqa Miranskaya AZƏRTAC-a müsahibəsində bu barədə danışıblar.
Qeyd edək ki, agentliklər rəsmi əməkdaşlıq haqqında müqaviləni 2004-cü ildə imzalayıblar. Həmin sənədə əsasən, tərəflər informasiya və təcrübə mübadiləsini uğurla həyata keçirirlər.
Hər il reallaşdırılan təcrübə mübadiləsi proqramı AZƏRTAC və TASS agentliklərinin tərəfdaşlıq əlaqələrini daha da möhkəmləndirməyə şərait yaradır. İndiyə qədər bu layihədə yaradıcı işçilər, texniki, marketinq və başqa sahələr üzrə mütəxəssislər iştirak ediblər. Bu dəfə Rusiya agentliyinin Bakıya gəlmiş əməkdaşları AZƏRTAC-dan olan həmkarları ilə müvafiq sahələrə dair fikir mübadiləsi aparıblar.
TASS agentliyinin İşlər idarəsinin rəis müavini O.Miranskayanın sözlərinə görə, o, AZƏRTAC ilə TASS arasında əməkdaşlığın yüksək səviyyədə olmasını bilirdi. “Amma bir var bunu bilmək, bir də var görmək, öz üzərində hiss etmək. Bizim informasiya agentlikləri arasında həqiqətən çox səmimi, etimada əsaslanan dostluq münasibətləri var. AZƏRTAC-ın əməkdaşları arasında özümüzü dostların arasında olduğu kimi hiss edirik. Mənim fikrimcə, bu, çox vacibdir. Mübadilə proqramı hərtərəfli düşünülüb, ölçülüb-biçilib. Eyni zamanda, ölkənizi, onun paytaxtını görməyə, azərbaycanlı həmkarlarımızla ünsiyyət qurmağa, təcrübə və fikir mübadiləsi aparmağa imkan verir. Proqramın çox yüksək səviyyədə dürüst təşkil olunmasını xüsusi qeyd etməliyəm. Əminəm ki, bizim münasibətlərimiz gələcəkdə də bu məcrada inkişaf edəcək”, - deyə O.Miranskaya vurğulayır.
O bildirdi ki, təcrübə mübadiləsi proqramı çərçivəsində AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovla görüşüblər. Görüş iki agentlik arasında tərəfdaşlıq əlaqələri, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin istiqamətləri, əməkdaşlığın perspektivləri barədə müzakirələrə yadda qaldı.
TASS-ın işlər idarəsi müdirinin müavini qeyd edib ki, azərbaycanlı həmkarları ilə yeni texnologiyaların tətbiqi, sosial şəbəkələr və mobil texnologiyalar dövründə informasiyanın buraxılışı, xəbərlərin hazırlanması, rəqabətədavamlılıq və başqa məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar: “Biz AZƏRTAC-ın demək olar ki, bütün strukturlarının fəaliyyəti ilə tanış olduq, iş metodları barədə çoxlu yeni informasiya əldə etdik”.
O.Miranskaya paytaxtımız barədə də məftunluqla danışdı, Bakıya ilk dəfə gəldiyini qeyd edərək dedi: “Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın sürətlə inkişaf etdiyini, müasirləşdiyini bilirdim. Lakin etiraf etməliyəm ki, paytaxtınız barədə məlumatım çox az idi. Burada olduğumuz günlər ərzində mən və həmkarım Bakının görməli tarixi və mədəni məkanlarında, Atəşgahda, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, Müasir İncəsənət Muzeyində, Heydər Əliyev Mərkəzində olduq, Qobustan Milli Tarix-Bədii Qoruğunda qayaüstü rəsmlərə baxdıq, Dənizkənarı Parkda gəzdik. Mənə ən çox nəyin təsir etdiyini deməyə çətinlik çəkirəm. Çünki səfərimizin proqramı çox rəngarəng və dolğundur. AZƏRTAC-dan olan həmkarlarımız bizim səfərimizi daha da rəngarəng etməyə çalışdılar. Tərtib olunan proqram bizdə gözəl ölkənizin tarixi, xalqınızın mədəniyyəti, incəsənəti barədə əyani təsəvvür yaratdı”.
TASS-ın əməkdaşı vurğuladı ki, Azərbaycan paytaxtı bir tərəfdən çox müasir görünür, digər tərəfdən tarixi memarlıq rəngarəngliyi qorunub saxlanılıb. Şəhərdə qədim binalar çoxdur. Şübhəsiz, bu, tarixi irsin zənginliyinə dəlalət edir: “Mən sizin gözəl məktəblərə fikir verdim. Onlar saraylara oxşayır. Axşam vaxtı şəhər daha gözəl görünür. Dünyanın hər yerindən gəlmiş çoxsaylı turistlər bu gözəllikdən zövq alır. Bakı şəhərinin və bütövlükdə ölkənizin sürətli inkişafı göz qabağındadır. Şübhəsiz ki, bütün bunlar Prezident İlham Əliyevin şəhərə özünəməxsus baxışının, paytaxtın simasına diqqət və qayğıkeş münasibətinin təzahürüdür”.
O.Miranskaya Bakıya həyat yoldaşı ilə birlikdə qayıtmaq niyyətindədir. Onun fikrincə, Azərbaycan milli mətbəxinin təamlarına valeh olmamaq mümkün deyil.
“Əlbəttə, xüsusi vurğulamaq istəyirəm ki, belə səmimi dostluq münasibətlərimizin olduğunu görmək çox xoşdur. Biz də sizin yolunuzu həmişə səbirsizliklə gözləyirik. Bakı ilə müqayisədə Moskvada havanın soyuq olmasını isti qarşılanma ilə kompensasiya etməyə çalışacağıq”, - deyə TASS agentliyinin İşlər idarəsinin rəis müavini əlavə edib.
TASS agentliyinin Beynəlxalq Əlaqələr İdarəsinin əməkdaşı Olqa Çertkova da Bakıya ilk dəfədir gəlir. Səfərin onda xoş təəssürat yaratdığını bildirən qonaq deyib: “Bakı gözəl, müasir, təmiz şəhərdir, burada hər şey insanı heyran edir - təbiət, mehriban insanlar, dadlı mətbəx... Bir sözlə, şəhərinizin gözəlliyinə heyran oldum”.