REGİONLAR
İsmayıllıda bir qrup gənc könüllü Qureyiş nənənin qonağı olub VİDEO
İsmayıllı, 22 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi əsrlərboyu xeyirxahlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşadan hər bir azərbaycanlını, xüsusilə gənclərimizi daha da fəallaşdırıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclərin İnkişaf və Koryera Mərkəzinin fəaliyyətə başladığı İsmayıllı rayonunda bir qrup gənc könüllü şəhid ailələri, məcburi köçkünlər, xüsusi qayğıya ehtiyacı olan ailələrlə, tənha, ahıl insanlarla maraqlanır, öz təmənnasız xidmətlərini göstərirlər.
Ömrünün 50 ilini müəllim işləyən, ən gözəl günlərini təhsilə həsr edən 82 yaşlı Qureyiş nənə də ona baş çəkməyə gələn gənc könüllüləri görəndə əvvəlcə təəccüblənib, tanışlıqdan sonra isə həm sevinib, həm də kövrəlib. Gənclər Qureyiş nənə üçün bazarlıq edib, evində təmizlik işləri aparıb, bağında abadlıq işləri görüb, güllər əkilib, səliqə-sahman işləri həyata keçiriblər.
İşləri başa çatdıqdan sonra gənc könüllülər Qureyiş nənə ilə çay süfrəsində səmimi söhbət edib və bu əsnada yaşlı İsmayıllı sakini öz həyat hekayəsini onlarla paylaşıb.
Gənclər könüllülər hərəkatı, Prezidentin “Könüllülər ili” barədə Sərəncamı ilə əlaqədar Qureyişi nənəyə ətraflı bilgilər veriblər. Qureyiş nənə bu hərəkatdan sevindiyini söyləyib, ölkə başçısına humanist, xeyirxah, milli dəyərlərə bağlı Sərəncamına görə minnətdarlığını bildirib: “Balalarım, şükürlər olsun ki, özümüzə qayıtmışıq. Prezidentimizə də minnətdaram. Könüllü, təmənnasız xidmət, xeyirxahlıq millətimizə xas olan xüsusiyyətdir. Bu tarixi ənənəmizi yaşatmaq, gələcək nəsillərə ötürmək özü də bir xeyirxahlıqdır”.