MƏDƏNİYYƏT
Rəssam Rəşad Mehdiyev: Əhalinin sağlamlığının qorunması üçün ölkəmizdə səmərəli tədbirlər görülür
Bakı, 17 aprel, AZƏRTAC
Yeni növ koronavirusun yayılmasına qarşı mübarizə istiqamətində dövlət tərəfindən görülən tədbirlərin müsbət nəticələri göz qabağındadır. Bu, bizi çox sevindirir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Əməkdar rəssamı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Rusiyanın İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki Rəşad Mehdiyev deyib.
“Biz pandemiya ilə bağlı vəziyyəti diqqətlə izləyirik və əhalinin sağlamlığının qorunması üçün ölkəmizdə görülən tədbirləri alqışlayırıq. Mən Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya Azərbaycan xalqının qayğısına qaldıqlarına, insanların təhlükəsizliyinin təminatına görə minnətdarlığımı bildirirəm”, - deyə R.Mehdiyev qeyd edib.
Rəssam vurğulayıb ki, dövlətin öz vətəndaşlarına “evdə qal” çağırışı hər şeydən vacib olan talelərin qorunmasına istiqamətlənib. R.Mehdiyev deyib: “Gördüyümüz kimi, özünütəcrid - koronavirusla mübarizədə sınaqdan keçirilmiş addımdır. Mən müsbət dinamikanın dayanıqlı olması, bu vəziyyətdən bacardıqca xətərsiz çıxmaq üçün hamını karantin rejiminə riayət etməyə çağırıram”.
Karantin dövründən maksimal dərəcədə səmərəli istifadə etdiyini söyləyən və bu vaxtın bir hissəsini oxucularımızla bölüşməyə razılaşan Rəşad Mehdiyev hazırda “Dirçəliş” adlı əsər üzərində çalışdığını bildirib.
Əməkdar rəssam deyib: “Vaxtımı öz emalatxanamda keçirir, həyatın dərin mənası barədə düşünərək şəkil çəkirəm. İndi bahardır, hisslər və duyğular var qüvvəsi ilə özünü büruzə verir. Mənim nəzərimdə bu, düşünmək, kətan üzərinə köçürmək istədiyim obrazları üzə çıxarmaq üçün yaxşı fürsətdir. Hazırda “Dirçəliş” rəsmi üzərində işləyirəm. Ümidvaram ki, tezliklə bu əsəri sənətsevərlərin diqqətinə təqdim edəcəyəm”.