REGİONLAR
Ramazan bayramı ərəfəsində Astarada 1000 aztəminatlı ailəyə bayram sovqatı paylanılıb
Astara, 23 may, Bağır Əliyev, AZƏRTAC
Ramazan bayramı ərəfəsində Astara rayonunda 1000 aztəminatlı ailəyə bayram sovqatı paylanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, zəruri ərzaq məhsullardan ibarət bayram sovqatı sakinlərə yaşadıqları ünvanlarda çatdırılıb.
Aksiyadan yararlanan insanlar ölkəmizdə koronavirus infeksiyası ilə mübarizə sahəsində dövlətimizin başçısının həyata keçirdiyi tədbirləri yüksək dəyərləndirərək təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, ölkəmizdə xüsusi karantin rejiminin yumşaldılmasına baxmayaraq, Astara rayonunun şəhər, qəsəbə, və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri üzrə yaradılmış mobil qruplar tərəfindən sakinlərlə mütəmadi olaraq Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri, koronavirus xəstəliyinin simptomları və onun yayılmasının qarşısının alınması yollarına dair məlumatlandırma, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etmələri barədə təbliğat işləri davam etdirilir.
Koronavirus xəstəliyinin əhalinin sağlamlığına vura biləcək zərərin qarşısının alınmasından ötrü mütəmadi olaraq şəhərdə əhalinin yaxın təmasda olduğu yerlərdə vətəndaşlar maarifləndirilərək, onlara tibbi maskalar paylanılır.
Vətəndaşlara karantin qaydalarına uyğun olaraq ciddi şəkildə sosial məsafənin gözlənilməsi, şəxsi gigiyena qaydalarına riayət edilməsi, qoruyucu tibbi vasitələrdən istifadənin vacibliyi bir daha izah olunur.
Rayon ərazisində dezinfeksiya işləri aparılması da daim diqqətdə saxlanılır.
Astarada koronavirus infeksiyası ilə mübarizə tədbirləri ölkəmizdə xüsusi karantin rejimi başa çatanadək davam etdiriləcək.