REGİONLAR
İsmayıllıda təməli qoyulan “DOST Evi” milli mədəniyyətimizin təbliğinə və bölgədə turizm imkanlarının genişlənməsinə dəstək verəcək VİDEO
İsmayıllı, 4 avqust, Rəşad Türkoğlu, AZƏRTAC
Prezident İlham Əliyev tərəfindən İsmayıllı rayonunda təməli qoyulan “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzi bölgədə yeni iş yerlərinin yaradılmasına, məşğulluq və gəlir imkanlarının artırılmasına xidmət edəcək. Müəssisə, həmçinin milli sənətkarlıq nümunələrinin istehsalı ənənəsinin inkişaf etdirilməsinə, milli mədəniyyətin təbliğinə və bölgədə turizm imkanlarının genişlənməsinə dəstək verəcək.
AZƏRTAC xəbər verir ki, Muğanlı-İsmayıllı avtomobil yolunun kənarında, İsmayıllının Basqal kəndi ərazisində təməli qoyulan, 5925 kvadratmetr ərazini əhatə edəcək müəssisədə milli mədəniyyət nümunələrinin eyni məkanda istehsalı, sərgisi və satışı təşkil olunacaq. Kiçik istehsalat və sərgi sahələri qədim üslubda qurulacaq, zəngin milli mədəniyyət nümunələrinin geniş nümayişinə şərait yaradılacaq. “DOST Evi”ndə xalçaçılıq, misgərlik, dulusçuluq, kəlağayı, toxuculuq, un məmulatları kimi istehsal sahələri qurulacaq. Mərkəzin regionun turizminə böyük töhfə verəcəyi, Basqal kəndində hazırlanan kəlağayıların da müəssisədə satışının təşkili planlaşdırılır.
Basqalda olan kəlağayı ustası Mürşüd Talıbov deyir ki, bu günə qədər onu tanıyan insanlar və Basqala gələn qonaqlar kəlağayı alırdısa, “DOST Evi” tikiləndən sonra gəlirləri daha çox olacaq: “Elə qonaqlarımız olurdu ki, onlar Basqal ətrafından keçməklə Qəbələ, Şəki, Qax və Balakən istiqamətinə gedirdilər. İndi onlar Basqala girmədən də bizim kəlağayı sənəti ilə tanış ola biləcək və həm də onları rahat əldə edəcəklər”.
Milli mədəniyyət nümunələrinin istehsalı üçün burada 5 emalatxana, 1 sərgi və satış mərkəzi, eləcə də un məmulatlarının istehsalı və satışı mərkəzi fəaliyyət göstərəcək.
Basqal sakini halvaçı Cahid Əliyevin sözlərinə görə, yeni tikiləcək “DOST Evi” onlara bişirdikləri şirniyyat növlərini asanlıqla satışa çıxarmağa imkan verəcək.
Müəssisədə əhalinin və qonaqların asudə vaxtını maraqlı keçirməsi üçün lazımi infrastruktur yaradılacaq. Həmçinin Basqal kəndi və ətraf ərazilərdə istehsal olunan ekoloji təmiz kənd təsərrüfatı məhsullarının, eləcə də İvanovka kənd məhsullarının satışı üçün biobazar, market fəaliyyət göstərəcək. İaşə xidmətləri, milli kulinariyaya məxsus, ekoloji təmiz məhsullardan hazırlanmış qidalar təqdim ediləcək. Ümumilikdə, inşasına başlanan “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzi regionun sosial-iqtisadi və mədəni həyatında əhəmiyyətli rol oynayacaq.