SİYASƏT
Sudan portalı Prezident İlham Əliyevin xalqa müraciətindən əsas məqamları yayıb
Qahirə, 29 oktyabr, AZƏRTAC
Sudanın “Sudannews24” informasiya portalı Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətindən əsas məqamlara geniş yer ayırıb.
AZƏRTAC xəbər verir ki, Sudan ictimaiyyətinə dövlətimizin başçısının BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və ATƏT-in Minsk qrupunun həmsədrləri barədə səsləndirdiyi tənqidi fikirlər çatdırılıb. Qeyd olunub ki, Prezident İlham Əliyev onların işğalçı qoşunlarını Azərbaycan ərazilərindən çıxarması üçün Ermənistana təzyiq göstərə bilmədiyini vurğulayıb. Dövlətimizin başçısı bu səbəbdən Azərbaycanın problemi öz gücünə həll etdiyini, ölkəmizin beynəlxalq hüquq normaları çərçivəsində məhz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdiyini bildirib.
Vurğulanıb ki, Azərbaycanın dövlət başçısı işğalçı Ermənistandan fərqli olaraq, heç kimin köməyinə ehtiyacı olmadığını, ermənilərin zəbt etdikləri bütün torpaqların azad ediləcəyini söyləyib. Azərbaycan Prezidenti, eyni zamanda, xalqımızın müharibə başa çatdıqdan sonra bu gün bir sıra ölkələrin nümayiş etdirdikləri ədalətsizliyi unutmayacağını da diqqətə çatdırıb. Prezident İlham Əliyev xüsusilə vurğulayıb ki, Azərbaycan artıq maraqlarının hesaba alınmayacağı ölkə deyil. Vasitəçilərə gəldikdə isə, dövlətimizin başçısı onların neytral mövqedən çıxış etməli olduqlarını, əks halda, öz namizədliklərini geri götürmələrinin lazım gəldiyini deyib. Əlavə edib ki, bu gün Ermənistanı dəstəkləyən və işğalçı ilə işğala məruz qalan arasında fərq qoymayan ölkələrin gələcəkdə Azərbaycanla necə əməkdaşlıq edəcəklərini düşünmələri lazımdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə