MƏDƏNİYYƏT
Respublika Gənclər Kitabxanası “Tarix yaradan tarixi şəxsiyyətlər” adlı yeni aksiyası ilə izləyicilərinin görüşünə gəlir
Bakı, 18 mart, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Tarix yaradan tarixi şəxsiyyətlər” aksiyasına start verməklə öz istifadəçi auditoriyasını bu dahi şəxsiyyətlər ilə tanış etmək məqsədini qarşıya qoyub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, aksiyanın yeni başlamasına baxmayaraq, artıq kitabxananın sosial şəbəkə səhifələrində siyasətçi, jurnalist, yazıçı Əhməd bəy Ağaoğlu, general Əliağa Şıxlınski, azərbaycanlı milyonçu, mesenat, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyev, azərbaycanlı siyasi xadim ədliyyə naziri Fətəli Xan Xoyski, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri Məhəmməd Əmin Rəsulzadə və s. tarixi şəxsiyyətlər haqqında videoçarxlar və virtual sərgilər hazırlanıb. Bütün bu adıçəkilən materiallar kitabxananın əməkdaşları tərəfindən geniş araşdırmalar, dəqiq faktlar əsasında ərsəyə gəlib. Videoçarx və virtual sərgilərin əsas məqsədi bu və ya digər görkəmli şəxs haqqında yalnız məlumat vermək deyil, həmçinin bu insanın beynəlxalq aləmdə tanınması və Azərbaycanımızı tanıtması haqda məlumatlar sərgiləməkdir.