REGİONLAR
17 noyabr - milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı
Ağsu, 16 noyabr, AZƏRTAC
Xalqımızın 1988-ci il noyabrın 17-də azadlıq səsini ucaldaraq imperiyaya qarşı hamılıqla ayağa qalxması dirçəliş yolunda dönüş nöqtəsi oldu. Əsrlər boyu azadlıq, müstəqillik arzusu ilə yaşayan xalqımız o vaxt imperiya əsarətinə, Ermənistanın separatçılıq siyasətinə, Azərbaycan rəhbərliyinin təslimçilik mövqeyinə qarşı çıxdı. “Azadlıq”, “Qarabağ bizimdir” kimi şüarlarla keçirilən mitinqlər Bakını, eləcə də respublikamızın şəhər və rayonlarını bürüdü.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ağsu rayon Mərkəzi Kitabxanasında Milli Dirçəliş Gününə həsr olunan tədbirdə səsləndirilib. Rayon ziyalılarının, gənclərin qatıldıqları tədbirdə tarixi günlə bağlı videoçarx nümayiş etdirilib.
Çıxışlarda Azərbaycan xalqının milli dirçəliş tarixinin görkəmli dövlət xadimi ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu diqqətə çatdırılaraq, bu böyük şəxsiyyətin nəhəng imperiyanın çökməsini mahir siyasətçi zəkası ilə öncədən dərk etdiyi, öz xalqını istiqlaliyyət yoluna istiqamətləndirdiyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, 1991-ci ilin martında Azərbaycan SSR Ali Sovetinin iclasında çıxış edən Heydər Əliyev gələcək mübarizə və inkişaf yolunu müdrikliklə bəyan edib. Çıxışlarda, habelə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında muxtar respublikanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılmasının müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım olduğu vurğulanıb.
Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olunub və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxarılıb. Sessiya Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıb. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyulub.