İQTİSADİYYAT
Azərbaycanın Ümumi Tarazlıq Modeli hazırlanmışdır
Bakı, 26 dekabr (AZƏRTAC). 2011-ci ilin sonlarından İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu və “EcoMod” şirkəti ilə birgə “Azərbaycan Respublikasının Ümumi Tarazlıq Modelinin işlənməsi” layihəsi həyata keçirilir.
Layihə çərçivəsində dekabrın 26-da Bakı Biznes Mərkəzində Azərbaycan Respublikasının ümumi tarazlıq modeli (AzMOD): görülmüş işlər, nəticələr və perspektivlər” mövzusunda təqdimat keçirilmişdir.
İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı uğurlardan danışmışdır. Nazir müavini iqtisadi sahədə qarşıya qoyulmuş strateji hədəflərin reallaşdırılmasında “Azərbaycan Respublikasının Ümumi Tarazlıq Modeli”nin (AzMOD) yaradılmasının əhəmiyyətini vurğulamışdır.
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev “Azərbaycan Respublikasının Ümumi Tarazlıq Modelinin informasiya təminatı və istifadəsinin davamlılığının təmin edilməsi: imkanlar və perspektivlər” mövzusunda təqdimatla çıxış etmişdir. İnstitutun direktoru Azərbaycanda sahəvi və makro səviyyədə iqtisadi təhlildə AzMOD-un əhəmiyyətini qeyd etmişdir.
“Ecomod Networking” şirkətinin prezidenti Əli Bayar AzMOD modeli, əhatə etdiyi sektorlar, perspektivlər barədə məlumat vermiş, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu ilə “EcoMod” şirkəti arasında səmərəli əməkdaşlığın gələcəkdə genişləndiriləcəyini vurğulamışdır.