CƏMİYYƏT
Xəzər rayonunda şəhid Vüsal İsmayılzadənin əziz xatirəsi yad olunub
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan İsmayılzadə Vüsal Əlbəndə oğlunun məzarı ziyarət olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, qəsəbə sakinləri, şəhidin ailə üzvləri, ağsaqqallar və din xadimləri iştirak ediblər.
Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Elşən Salahov şəhidin ailəsinə başsağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb.
Deputat Rauf Əliyev çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Ordumuzun qüdrəti ilə qəhrəman oğullarımız sonsuz cəsarət və şücaət göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad ediblər. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.
Mərasimdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyini, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevrildiyini bildirib.
Şəhidin ailə üzvləri və yaxınları çıxış edərək, hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.