CƏMİYYƏT
Qəbələdə dini məzhəbçilik meyillərinin milli birliyə təsiri mövzusunda müzakirələr aparılıb
Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 9-da Qəbələdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda seminar keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə DQİDK-nin Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı və din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycanda mövcud olan tolerantlıq və multikultural şəraitdən danışılıb. Ölkəmizdə müxtəlif dinlərin, məzhəblərin və xalqların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqları qeyd edilib. Vurğulanıb ki, multikulturalizm xalqımızın həyat tərzidir.
Çıxışlarda, həmçinin məzhəbçilik və dini təəssübkeşlik meyillərinin multikultural cəmiyyət üçün yad olduğu bildirilib. Qeyd olunub ki, tarix boyu ortaya çıxan müəyyən münaqişələr insanlara din adı ilə təqdim olunub.