CƏMİYYƏT
19 fevral – Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günüdür
Bakı, 19 fevral, AZƏRTAC
19 fevral - Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günü və ya Ümumdünya Balinalar Günüdür.
AZƏRTAC “ideacampaign.org” saytına istinadla xəbər verir ki, bu gün təkcə balinalar deyil, bütün dəniz məməliləri, dəniz və okeanlarda yaşayan bütün canlı varlıqlar mühafizə olunur.
Həmin təqvim 1986-cı ildən etibarən qeyd edilməyə başlanılıb. Belə ki, 200 il ərzində balinaların vəhşicəsinə məhv edilməsindən sonra Beynəlxalq Balinalar Komissiyası iri balinaların ovlanmasına, balina ətinin ticarətinə qanunla qadağa qoyub. Bu qadağa hələ də qüvvədədir.
Balinaların kommersiya ticarətinin uzun tarixi var. On səkkizinci və on doqquzuncu əsrlərdə ovçuluq çox intensiv idi və bəzi növlərin nəsli artıq tükənmişdi. İnsanlar balinaları yalnız ət və yağ üçün ovlamayıblar, balina sümüklərindən müxtəlif əşyalar da hazırlayıblar.
Balina ticarətinə qadağa qoyulsa da, həmin dəniz məməlilərinin öldürülməsi hələ də davam edir. Hazırda dünyada 100 növ dəniz məməlisi var. Elm adamlarının vəzifəsi təkcə onları qorumaq deyil, həm də saylarını artırmaqdır.
Hər il müxtəlif təbiəti mühafizə qrupları və təşkilatları balinaların və digər su məməlilərinin mühafizəsinə diqqəti cəlb etmək məqsədilə çoxsaylı aksiyalar keçirirlər. Əksər vaxt müxtəlif ölkələrdən olan ekoloqlar birləşərək bu günü təhlükədə olan bir su canlısının mühafizəsinə həsr edirlər.